“Zədəm çox ciddi idi. Açığı, heç vaxt gözləməzdim ki, karyeramda bu cür ciddi zədə alaram”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin kapitanı Ruslan Abışov klubun rəsmi saytına açıqlamasında deyib. Uzun müddət zədədən əziyyət çəkən müdafiəçi pis günlərin geridə qaldığını söyləyib:
“Futboldur, bu, mənim başıma gəldi,yaşadım. Şükürlər olsun, artıq hər şey qaydasındadır. Pis günlər geridə qaldı. Məşqlərdə bacardığım qədər tam gücümü ortaya qoymağa çalışıram. Düzdür, bəzi çətinliklər var, bu da normaldır. Çünki hardasa 5 aya yaxın məşq etmədim. Öz təsirini göstərir. Yenidən əvvəlki formamı bərpa etmək üçün həm məşqçilərimiz, həm komanda yoldaşlarım, həm də həkimlər mənə böyük dəstək göstərirlər”.
Ruslan zədəli olduğu dövrdə ən böyük dəstəyi ailəsindən aldığını bildirib: “Təzə-təzə heyfslənirdim. İlk oyunlara çəliklə gəlirdim. Kənardan baxıb, çox pis hislər keçirirdim. Sağ olsun ailəm, mənə ən böyük dəstəyi onlar verdilər. Dedilər ki, səbrli, rahat, sakit ol. Ondan sonra dostlarım, komanda yoldaşlarım mənə bildirdilər ki, hər şey yaxşı olacaq. Futbolçu hər tərəfdən özünə dəstək göstərir. Bu cəhətdən məndə heç bir problem olmadı. Əksinə, bunu artıqlaması ilə gördüm. Azarkeşlərimiz də zəng vurur, öz dəstəyini göstərirdilər. Hər kəsə dərin təşəkkürümü bildirirəm”.
Təcrübəli futbolçu sonda komandasının Antalyada davam edən təlim-məşq toplanışını dəyərləndirib: “İndi hər şey qaydasındadır. Çətinliklər geridə qalıb, daha çox toplu məşqlər olur. Artıq yoxlama oyunları da oynamışıq. Vaxtımız azdır. Qısa müddət ərzində hər şeydən maksimum istifadə etməliyik ki, çəkdiyimiz əziyyətin bəhrəsini çempionat oyunlarında görək”.