AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlikin müsahibəsi...
- Yanvarın 12-dən Mingəçevirdə təlim-məşq toplanışındasınız. Hazırlıq prosesinin gedişi sizi qane edirmi?
- Normal hazırlıq “Kür” Olimpiya Tədris İdman Mərkəzində hər bir şərait var, o cümlədən meydanla təmin olunmuşuq. Məşğələlər, dərslər, bir sözlə, bütün proses bizi razı salır. Hər şey ürəyimizcədir. Nəzərdə tutduğumuz məsələlər ən incə detallarına qədər nəzərə alınır.
- Toplanışa qatılan hakimlər hansı üstünlükləri, yaxud çatışmazlıqları ilə diqqət çəkirlər?
- Hakimlərimiz deyilənləri həvəslə yerinə yetirir, müzakirələrdə fəallıq nümayiş etdirirlər. Lakin buna baxmayaraq, çatışmayan cəhətlərimiz də var. Məhz ona görə burdayam ki, həmin səhvləri düzəldim, hakimlərin balans və səviyyəsinin, eləcə də qayda biliklərinin artırılmasına nail olum.
- Çatışmayan cəhətlər dedikdə əsasən hansı məsələləri nəzərdə tutursunuz? Nəzəri bilikləri, yoxsa fiziki hazırlığı?
- Burda hakimlərə verdiyimiz tapşırıqlarda əsas tələb odur ki, baş hakim və köməkçiləri arasında idarə etdikləri oyun ərzində birlik mövcud olsun. Məlumdur ki, əksər hallarda hər hansı qayda pozuntusuna görə sarı vərəqənin göstərilməsi hakimlərin fərqli yanaşmasına və davranışına səbəb olur. Birlik çatışmadıqda, fərqli qərararlar qəbul edildikdə isə futbolçular arasında narazılıq yaranır və bu, onlar tərəfindən başqa cür başa düşülür. Bu isə yolverilməzdir.
- Əvvəlki toplanışlarda hakimlər həmdə yoxlama matçları idarə edib. Burada isə oyunlar keçirilmədiyi üçün belə bir imkan yoxdur. Bu amil toplanışın gedişində hər hansı çatışmazlıq yaratmır?
- Qətiyyən. Burada keçirilən təlim-məşq toplanışının proqramı öncədən qeyd etdiyiniz məslələr nəzərə alınmaqla tərtib olunub. Tam əminliklə deyirəm ki, nəzərdə tutulan hazırlıq prosesi ən mükəmməl formada başa çatdırılacaq. Digər tərəfdən, hansı sayda yoxlama matçının idarə edilməsindən asılı olmayaq, hakimlər hər bir rəsmi oyuna xüsusi olaraq hazırlaşmalı, daha sonra isə qarşılaşmanın gərginliyindən və fiziki yorğunluğundan qurtulması üçün xüsusi bərpa rejimindən keçməlidir.
- Bu gün təlimlərinə rəhbərlik etdiyiniz hakimlərdən imtahan götürsəydiniz, onların hazırlıq səviyyəsini necə qiymətləndirərdiniz?
- Hardasa, 3 aydır buradayam. Bu müddət ərzində hakimlikdə çox dəyişikliklər baş verib. Hakimlərin qaydalara və təlimatlar əməl etmək üçün böyük həvəslə çalışdıqlarına şahid oldum.
- Toplanışa qatılan gənc hakimlərin əksəriyyəti yaxın gələcəkdə Azərbaycanı beynəlxalq futbol arenalarında uğurla təmsil edə bilər?
- Əlbəttə! Əslində, bizim əsas məqsədimiz də budur. Doğrudur, onların arasında indi də 3 beynəlxalq dərəcəli hakim var. Əliyar Ağayev indiyədək özünü yaxşı tərəfdən, istedadlı hakim kimi göstərib. İstəyirik ki, formalaşmaqda olan gənc hakimlərimiz Əliyara baxıb, daha da həvəslənsinlər. Daha çox çalışaraq həmin məqamlara yetişsinlər. Bəli, hazırda belə istedadlı və perspektivli gənc hakimlərimiz var. Üzərlərində çalışırıq ki, gələcəkdə onları daha uğurlu yerlərə gətirə bilək. Açığı, hazırlıq məsələsinə digər amillər də təsir edir. Dünyada belədir ki, bəzi ölkələrdə hakimlər böyük azarkeş kütləsi önündə matç idarə edir. Məsələn, İspaniya çempionatında hakimlər davamlı olaraq 40-45 min azarkeş önünə çıxır. Ancaq məsələn, Cəbəllütariq, Azərbaycanda və digər ölkələrdə z bunun tam əksini görürük. Belə hallar hakimlərin formalaşma prosesinə təsir edir.
- Azərbaycanda hakimliyin inkişafına göstərilən diqqət müsbət sonluq vəd edirmi?
- Əlbəttə. AFFA tərəfindən hakimlər hər şeylə təmin olunur. Eyni zamanda, bölgədə çalışan hakimlərin paytaxtda yaşayan hakimlərlə eyni səviyyədə öyrədilməsi və inkişaf etdirilməsi üçün mənə tam dəstək verilir. Yəni, bizim əsas məqsədimiz odur ki, hakimlik strukturlarımız yalnız paytaxt və bakılılar üçün deyil, ölkənin bütün bölgələri üçün mövcud olsun. İstəyirik ki, bölgə hakimlərini öyrədək, yetişdirək və yuxarı strukturlara gətirə bilək. Onları öyrətməsək, təlimatlandırmasaq ümumi işimiz axsayar, böyük məqsədlərə çatmaq bizə çətin olar. Biz az öncə söylədiyim kimi ümumi ölkə hakimliyinin inkişafı üçün çalışırıq. (report.az)