"Tanıdığımız, inandığımız, güvəndiyimiz futbolçudur. Özünün sevindiyi kimi biz də onu komandamızda görməyə şadıq. Futbolda belə şeylər olur. Bəzən futbolçu komandada xoş iz buraxıb gedir və imkan olanda da qayıda bilir"
Offsideplus.az xəbər verir ki, Antalyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Ağdam klubunun bugünkü məşqindən sonra jurnalistlərin suallarını cavablandırıb.
- Bu gün “Botoşani”yə qarşı təxirə salınan yoxlama matçının əvəzi planlaşdırılırmı, yoxsa basketbol kompensasiya hesab ediləcək?
- İkinci oyuna hazırlaşacağıq. Hazırlıq plan üzrə gedəcək. Proqramımızda ciddi dəyişiklik olmayacaq. Onsuz da bu gün hər futbolçu 45 dəqiqə oynamalıydı. Belə alındı. Sabah komandaya istirahətdi. Birigün yenə iki məşqimiz olacaq. 16-na kimi hazırlaşacağıq.
- Almeyda, nəhayət, qayıtdı. Hamı onu gözləyirdi...
- Bəli, bu gün bizimlə oldu. Tanıdığımız, inandığımız, güvəndiyimiz futbolçudu. Özünün sevindiyi kimi biz də onu komandamızda görməyə şadıq. Futbolda belə şeylər olur. Bəzən futbolçu komandada xoş iz buraxıb gedir və imkan olanda da qayıda bilir. Riçard onlardan idi. İnanıram ki, komandamız üçün uğurlu olar.
- Riçard deyəsən formadadı. Mərkəzdən qapı tirinə zərbələrdə sizə qalib gəldi, səhv etmirəmsə...
- Yox, bu gün “Xoş gəldin” deyirdim ona (futbolpress.az).