"Keşlə" futbol komandasının qapıçısı Kamran Ağayev "Qaradağ Lökbatan"a 5:0 hesabı ilə qalib gəldikləriilin ilk yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
Offsideplus.az həmin müsahibəni təqdim edir...
- Bir kapitan kimi komandanızın qış hazırlığını və bu oyunu necə dəyərləndirərdiniz?
- Bu, yeni ildə ilk oyunumuz idi. Komandamızdakı dəyişikliklər göz qabağındadır. Legionerlərin bir çoxu gedib, yeni gələnlər var. Artıq 5-ci gündür ağır məşqlər edirik. Müəyyən yorğunluqlar sezilməkdədir.
- 2018-ci il şəxsən özünüz üçün necə keçdi?
- İnsan uğursuz an yaşadıqda da şükr edir. Hər günümüzə şükr etməliyik. İdmanda hər zaman uğur da, uğursuzluq da olur. Bu il gərək var gücümüzlə yaxşı nəticə əldə edək. Ötən mövsüm çempionatda zəif nəticə göstərsək də, ölkə kubokunu qazanmışdıq. Bu il isə kubok mübarizəsindən kənarda qalmışıq. Çempionatda isə elə vəziyyətdəyik ki, hər şey özümüzdən asılıdır. Qarşıda bizi Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı gözləyir. Bizim kimi bütün rəqiblərimiz də hazırlaşır. Görək, axırı necə olur...
- Qış fasiləsindən sonra komanda olaraq, daha yaxşı çıxış edə biləcəyinizi düşünürsünüz?
- İnam hər zaman olur. İnam olmasa, iş görmək olmaz. Ümidsiz insana "bədniyabət" deyirlər. Antalyaya hazırlığa gedirik ki, yaxşı hazırlaşaq. Yaxşı oynamalıyıq ki, yaxşı nəticə də olsun. İdmanda təsadüfi qələbə yox, məğlubiyyət olur.
- Komandaya yeni qoşulan futbolçular necə təsir bağışlayırlar?
- Vüsal İsgəndərli və Emin Mehtiyev tanıdığımız futbolçulardır. Con Kamara və digər legionerlər barədə isə indidən bir söz demək olmaz. Bunu zaman göstərər. İlk oyundur, hamı yorğundur, yüklənmələr var. Əsas odur ki, meydanda bir-birimizi başa düşək.
- Bəs qapıçı komanda yoldaşınız Orxan Sadıqlının "Keşlə"dən ayrılmasına münasibətiniz necədir?
- Orxan çox yaxşı qapıçıdır. Ona hər bir komandada yer var. Amma biz futbolçuyuq, qərarı isə rəhbərlik verir. Kapitan olsam da, belə şeylərə qarışmıram. Sadıqlının müqaviləsinə xitam verilibsə, yəqin ki, hansısa kluba gedəcək. Futbolçu həyatı belədir: Bu gün burdayamsa, sabah hər şey ola bilər. (report)