Cənubi Koreya millisinin və "Tottenhem"in sabiq hücumçusu Son Hın Min ABŞ-da MLS-də çıxış edərkən liqada təzyiqin daha az olduğunu bildirib.

Offsideplus.az xəbər verir ki, Son Hın Min MLS-də aşağı liqaya düşmə sisteminin olmamasını fərqli təcrübə kimi dəyərləndirib. O, bu məsələdə "Bavariya Münhen"in və hazırda "Vankuver Uaytkaps"da çıxış edən Tomas Müllerin fikirlərinə qatıldığını deyib:

"MLS getdikcə böyüyür, liqaya ulduzlar gəlir, amma bəzən burada təzyiqin az olduğunu hiss edirsən – ən azı aşağı liqaya düşmə olmadığı üçün. Mən buna təsir edə bilmərəm, amma bu liqanı sevirəm. Tomas tamamilə haqlıdır. Onun Bundesliqada parlaq karyerası olub və bu barədə danışmağa tam haqqı var. Premyer Liqada çıxış edəndə hər həftə böyük təzyiqlə üzləşirdim. Əgər nəticə qazana bilmirsənsə, zəif oynayırsansa və komanda turnir cədvəlinin aşağısındadırsa, vəziyyət ağır olurdu. Düşünürəm ki, belə sistem daha maraqlıdır. MLS-in inkişaf etməsini istəyirəm, bəlkə də bu barədə düşünmək və nəsə etmək lazımdır".