Moldovalı keçmiş hücumçu, 2021-2022-ci illər mövsümündə Rumıniyanın "Otselul Qalatsi" klubunda çıxış etmiş Vadim Krıçımari 38 yaşında dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, keçmiş futbolçu aqressiv xərçəng xəstəliyinə qarşı apardığı mübarizədə məğlub olub.

​Kədərli xəbəri "Otselul Qalatsi" klubu rəsmi sosial media hesabları vasitəsilə azarkeşlərinə çatdırıb: "2021-2022 mövsümündə qırmızı-ağ-göy formanı geyinmiş hücumçumuz Vadim Krıçımari daha yaxşı bir dünyaya köçdü. Ailəsinə başsağlığı veririk!"

Qeyd edək ki, leçmiş futbolçuya cari ilin mart ayında limfa sisteminin nadir və son dərəcə aqressiv xərçəng növü olan 4-cü dərəcəli Bürkitt limfoması diaqnozu qoyulmuşdu.

​Müalicə üçün yaxınları tərəfindən geniş yardım kampaniyası başladılmış və 23.000 avrodan çox vəsait toplanmışdı. Krıçımari İtaliyadakı ixtisaslaşmış klinikada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

​Hücumçu karyerası ərzində Moldova, Rusiya və Rumıniyanın müxtəlif klublarında — "Zimbru Çişinau", "Dinamo-Auto", "Daçiya Buyukani" və "Otselul Qalatsi" komandalarında top qovub. O, həmçinin 2009-2011-ci illərdə Azərbaycanın "Muğan" klubunda da çıxış edib.

Son dövrlərdə isə uşaq futbol məktəbində məşqçi kimi fəaliyyət göstərirdi.

​Vadim Krıçımari arxasında həyat yoldaşı Viktoriya, 11 yaşlı qızı Rianna və 5 yaşlı oğlu Raulu qoyub.