Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Keşlə" oyunundan sonra hakimlər otağına daxil olan qonaqların kapitanı Kamran Ağayev narazılığını bildirib.
Offsideplus.az xəbər verir ki, paytaxt təmsilçisi hadisə ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilir ki, qapıçı qeyri-etik hərəkətlərə yol verməyib və sadəcə, referilərə xahişini çatdırıb:
"16.12.2018-ci il tarixdə futbol üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Qarabağ" - "Keşlə” matçından sonra "Keşlə"nin futbolçusu Kamran Ağayevin hakimlər otağına daxil olaraq müəyyən hərəkətlərə yol verməsi barədə bəzi elektron kütləvi informasiya vasitələrində həqiqətə uyğun olmayan məlumat yayılıb. Bildirmək istəyirik ki, Kamran Ağayev hakimlərə qarşı hər hansı bir qeyri-adekvat hərəkətə yol verməyib, o, oyun zamanı sarı vərəqə ilə cəzalandırılmış komanda yoldaşı haqqında doğru qərar qəbul etməsini hakimlər heyətindən xahiş etməyə çalışıb. Bu hadisə "Keşlə"nin Müşahidə Şurasının sədri və AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun diqqətindən yaynmayıb və o, Kamran Ağayevdən hakimlər otağını dərhal tərk etməsini tələb edib. Klub rəhbərliyi belə davranışı heç bir halda məqbul saymır.
Nəzərinizə çatdırmaq istəyirik ki, klub rəhbərliyinin xırda nöqsanlar istisna olmaqla “Qarabağ" - "Keşlə” matçının hakimlər heyətinin idarəçiliyi ilə bağlı ciddi narazılığı yoxdu və istənilən etirazın Əsasnamə qaydalarına uyğun ifadə edilməsinin tərəfdarıdı".
Qeyd edək ki, "Qarabağ" - "Keşlə" oyunu meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.