"Real Madrid" La Liqa prezidenti Xavyer Tebası klubun nüfuzuna xələl gətirməkdə ittiham edib.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisi yaydığı rəsmi bəyanatda La Liqa rəhbərinin hər çıxışında "Real Madrid"i hədəfə almasını qəbuledilməz adlandırıb. Klub bildirib ki, Xavyer Tebas bütün klubların maraqlarını qorumaq əvəzinə, daim "Real Madrid"ə qarşı çıxışlar edir və bu, İspaniya futbolunun imicinə zərər vurur.
Bəyanatda qeyd olunub ki, La Liqa prezidentinin son açıqlamaları xüsusilə ciddi və anlaşılmazdır, çünki onlar müstəqil jurnalistin məqaləsinə əsaslanır. Klub hesab edir ki, Tebasın bu davranışı məsuliyyətli rəhbərə yaraşmır və onun turnirin neytrallığını qorumaq borcunu unudaraq şəxsi münasibətlərini ön plana çıxardığını göstərir.
"Real Madrid" vurğulayıb ki, İspaniya futbolunda peşəkar yarışlara rəhbərlik edəcək, neytrallığı qoruyan və klubların etimadını doğruldan yeni liderə ehtiyac var.


