Azərbaycan Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən “Sabah” - “Neftçi” oyunundakı idarəçiliyi Rəhim Həsənova baha başa gəlib.
Offsideplus.az Komanda.az-a istinadən xəbər verir ki, “neftçilər”in 2:1 hesabı ilə qələbə qazandığı matçda baş hakim olan Rəhim Həsənov biabırçı idarəçiliyə görə cəzalandırılıb. Belə ki, avstriyalı Fritz Stuxlikin rəhbərlik etdiyi Hakim və Hakim-inspektorlar komitəsi Həsənova 3 aylıq cəza verib. Özü də bu cəza fevraldan - qış fasiləsindən sonra qüvvəyə minəcək. Yəni Rəhim Həsənovun 3 aylıq cəzası Premyer Liqa oyunlarının davam etdiyi dövrə təsadüf edəcək.
Həsənov “Sabah” - “Neftçi” qarşılaşmasında əlini dəfələrlə cibinə atmalı olmuşdu ki, onun futbolçulara göstərdiyi vərəqələrdən üçünün rəngi qırmızı olub. O, “Sabah”dan Vanderson Silvanı, “Neftçi”dən Tural Axundovla Baqali Dabonu meydandan qovmuşdu.