AFFA-nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2026/2027-ci tədris ili üçün “Məktəblərdə Futbol Dərsi” layihəsinə qeydiyyat davam edir.
Offsideplus.az xəbər verir ki, layihənin məqsədi məktəblilərin fiziki aktivliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və futbolun kütləviliyini genişləndirməkdir. Layihə çərçivəsində 5, 6 və 7-ci sinif şagirdləri fiziki tərbiyə dərsləri zamanı futbol məşğələlərinə cəlb olunacaqlar.
Layihədə iştirak könüllü əsaslarla həyata keçirilir. AFFA iştirakçı məktəbləri zəruri idman inventarları ilə təmin edəcək, fiziki tərbiyə müəllimləri üçün isə təlim və seminarlar təşkil olunacaq.
Layihə ölkə üzrə 8 futbol regionunu əhatə edir və yerlər məhduddur. İştirak etmək istəyən məktəblər qeydiyyat anketini doldurmalıdır. Seçilən məktəblərlə layihənin növbəti mərhələləri barədə əlaqə saxlanılacaq.


