Avropa Klubları Assosiasiyası FIFA-nın yeni layihəsi ilə bağlı UEFA, KONKAKAF və Asiya Futbol Konfederasiyasının birgə məktubunu dəstəkləyib.
Offsideplus.az xəbər verir ki, bu məktubda FIFA-nın irəli sürdüyü FIFA Forward Enterprise layihəsinin müstəqil şəkildə yoxlanılması tələb olunub. Layihəyə əsasən, FIFA dünya çempionatının bir hissə hüquqlarını özəl investorlar üçün satmağı planlaşdırsa da, tənqidlər səbəbindən bu ideyadan imtina edib.
Avropa Klubları Assosiasiyası FlFA-da səsvermə hüququna malik olmasa da, futbol ictimaiyyətində böyük nüfuza sahibdir və ciddi dəstək göstərə bilər. Assosiasiyanın sədri Nasser Əl-Xelayfi bu həftə UEFA prezidenti Aleksandr Çeferinlə Zalsburqda görüşəcək. Bildirilir ki, Çeferin EFC-nin Klub Dünya Çempionatına dəstəyini dayandırmasını istəyir.
Hazırda 2029-cu ildə keçiriləcək turnirin yeri və maliyyə modeli barədə heç bir məlumat yoxdur. Bundan əlavə, klublar 2025-ci il Klub Dünya Çempionatı üçün onlara ödənilməli olan təminatlı ödənişlərin olmamasından narazıdır.


