"Liverpul" rəhbərliyi ötən mövsümün sonunda istefaya göndərdiyi sabiq baş məşqçisi Arne Slot Niderland millisinin sükanı arxasına keçəcəyi təqdirdə, ona müəyyən məbləğ ödəməyə hazırdır.
Offsideplus.az "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, bu gedişat klubun Slotun təzminat pulundan bir neçə milyon avroya qənaət etməsinə imkan verəcək. Belə ki, 3 illik müqaviləsinin qalan 1 ili üçün 47 yaşlı mütəxəssisə 10 milyon avrodan çox təzminat ödənməlidir.
Əgər Slot bu mövsümü işsiz keçirsə, klub bu məbləği tam ödəməli olacaq.
Qeyd edək ki, "Liverpul"u 2024-cü ildən idarə edən və debüt mövsümündə çempionluq qazanan Slot, ikinci ilində komandası 5-ci yeri tutduğu üçün qovulub. Hazırda o, Ronald Kumanın gedişindən sonra boş qalan Niderland millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir.


