ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğv edilməsi ətrafında yaşanan qalmaqal FIFA prezidenti Canni İnfantinonun mövqeyini ciddi şəkildə zəiflədib. .

Offsideplus.az xəbər verir ki, "The Times" nəşrinin yaydığı məlumata görə, əvvəllər onun yenidən prezident seçilməsini dəstəkləyən bir neçə ölkə indi bu qərarını geri çəkməyi düşünür

Futbol rəsmiləri Baloqunun qırmızı vərəqə cəzasının DÇ-2026-dan sonrakı dövrə keçirilməsini ədalətsiz addım hesab edirlər. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Infantino ilə şəxsən əlaqə saxlayaraq futbolçunun cəzasına yenidən baxılmasını xahiş etdiyini təsdiqləmişdi. FIFA qırmızı vərəqəni qüvvədə saxlasa da, oyunçunun bir matçlıq cəzasını təxirə salıb.

Almaniya, Niderland, Belçika, Norveç və İsveçrə bu qərarı sərt tənqid edib. Misir və Seneqal da Infantinoya olan dəstəyini geri çəkmək barədə düşünür.

Futbol dairələrindəki yüksək rütbəli mənbə bildirib ki, Trampın etdiyi addım futbola aşkar siyasi müdaxilədir və İnfantino real gücünü itirmiş bir prezidentə çevriləcək.

Bu qalmaqal fonunda 56 yaşlı funksionerin gələn il keçiriləcək seçkilərdə rəqiblə üzləşməyəcəyi və postunu qoruyacağı gözlənilsə də, onun təsiri kəskin azalacaq. Infantinonun klublararası dünya çempionatını genişləndirmək planları boşa çıxa bilər. Həmçinin onun 2031-ci ildə başa çatacaq səlahiyyət müddətindən sonra yenidən namizəd olmasına imkan verəcək nizamnamə dəyişikliyi də artıq qeyri-mümkün görünür.

FIFA isə Balonqunun cəzası ilə bağlı qərarı konkret olaraq kimin qəbul etdiyini hələ də açıqlamayıb.