"Zenit"in və Braziliya millisinin müdafiəçisi Duqlas Santos dünya çempionatına dəvət alması barədə danışıb.
Offsideplus.az xəbər verir ki, Duqlas Braziliya millisinin DÇ-2026 üçün yekun heyətinə daxil edilib. Qeyd edək ki, braziliyalı futbolçu həm də 2024-cü ilin payızında aldığı Rusiya vətəndaşlığına sahibdir. Təcrübəli müdafiəçi hisslərini bu cür bölüşüb:
"Əlbəttə, elə anlar olur ki, artıq milliyə çağırılmayacağını düşünürsən, amma mən inanmaqdan heç vaxt vaz keçmədim. Klubumda çalışmağa, daha yaxşı olmağa və sabit oyun nümayiş etdirməyə davam etdim. Buna görə də şans yenidən yarananda mən buna hazır idim.
Rusiyaya hər zaman böyük hörmətlə yanaşmışam, çünki karyeramın böyük hissəsini bu ölkədə qurmuşam. Lakin Braziliya millisinin formasını geyinmək hər zaman mənim xəyalım və prioritetim olub. Mən dünya çempionatlarını izləyərək və yığmada oynamaq arzusu ilə böyümüşəm, bu mənim üçün böyük bir məsuliyyət idi.
Baş məşqçi Karlo Ançelotti məndən klubda necə oynayıramsa, eləcə davam etməyimi – mübarizə aparmağı, müdafiədə etibarlı oynamağı və ehtiyac yarananda hücuma kömək etməyimi istədi. Ançelotti futbolçularına inam aşılamağı çox yaxşı bacarır. O, çox danışır, taktik tərəfdən nə istədiyini izah edir, eyni zamanda özümüzü göstərmək üçün bizə sərbəstlik verir.
Braziliyalı azarkeşlərin komandaya inanmaq üçün hər zaman səbəbləri var. Bizim istedadımız, təcrübəmiz və böyük oyunlara öyrəşmiş futbolçularımız var. Məqsədimiz mümkün qədər irəli getmək və altıncı dünya çempionluğu üçün son dəqiqəyə qədər mübarizə aparmaqdır".


