Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda çıxış edən Türkiyə millisinin müdafiəçisi Merih Demiral komandasının Asiya Çempionlar Liqası (AFC) uğurunu qeyd edərkən unudulmaz anlar yaşadıb.

Offsideplus.az xəbər verir ki, klubun Asiya Çempionlar Liqasın çempionluğu münasibətilə təşkil olunan möhtəşəm qeyd etmə mərasimində təcrübəli futbolçu meydana Azərbaycan və Türkiyə dünyasında xüsusi yeri olan əfsanəvi əsərlə daxil olub.

Ciddə şəhərindəki stadionda hər bir futbolçunun öz seçdiyi musiqi ilə azarkeşlərin qarşısına çıxdığı gecədə Melih Demiralın seçimi böyük rəğbətlə qarşılanıb.

Türk müdafiəçi meydana daxil olarkən stadionun güclü səs gücləndiricilərindən "Çırpınırdı Qaradəniz" mahnısı səsləndirilib.

Stadiondakı minlərlə azarkeş bu musiqinin ritmlərinə coşqu ilə yoldaşlıq edib. Merih Demiralın bu addımı sosial şəbəkələrin həm Türkiyə, həm də Azərbaycan seqmentində qısa müddətdə ən çox paylaşılan və bəyənilən görüntülərdən birinə çevrilib.

Ulduzlarla dolu heyəti olan "Əl-Əhli" klubu uğurlu mövsümün ardından növbəti ildə Səudiyyə Ərəbistanını Asiyanın ən nüfuzlu klub turnirində təmsil etmək hüququ qazanıb.

Məlumat üçün: Merih Demiral daha əvvəl də milli komanda və klub səviyyəsindəki oyunlarda türk dünyasının mədəni dəyərlərinə və musiqilərinə olan bağlılığı ilə diqqət çəkib. Onun bu jesti Azərbaycan və Türkiyə arasındakı qardaşlıq bağlarının idman arenasındakı növbəti gözəl təzahürü kimi qiymətləndirilib.