Millətlər Liqasının VI turunun Hollandiya ilə ev qarşılaşması Almaniya yığmasının futbolçusu Tomas Müller üçün əlamətdar olub.

Offsideplus.az verir ki, 29 yaşlı hücumameylli yarımmüdafiəçi Bundestimdə 100-cü oyununu keçirib.

Təcrübəli futbolçu bununla da öz ölkəsinin millisində 100 və daha çox matça çıxanların siyahısına düşüb. Yığmada 8 il əvvəl debüt edən Müller dünyada bunu bacaran 479-cu oyunçu olub.

O, 441-479-cu yerləri bölüşən futbolçular sırasında yer alıb ki, burada Arda Turan, Aleks Vitsel, Karıes Puyol, Corco Kyellini kimi tanınmışlar da var. Siyahıya isə Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.

Azərbaycan millisi 479 nəfərlik siyahıda bir futbolçu ilə təmsil olunub. Bu, yığmada 111 matç keçirən Rəşad Sadıqovdur. O, 245-253-cü yerləri İqor Akinfeyev (Rusiya), Carah Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Qodfrid Çitalu (Zambiya), Rəşad Sadıqov (Azərbaycan), Andrey Şevçenko (Ukrayna) və Serxio Busketslə (İspaniya) bölüşür.

Qeyd edək ki, Müller Hollandiya ilə 2:2 hesabı ilə başa çatan görüşün 66-cı dəqiqəsində meydana daxil olub. (matc.az)