“Büdcəmiz 11,5 milyon avro təşkil edir. Məbləğə bazanın xərcləri daxil deyil. Bu, ümumi klub büdcəsinin təxminən 10 faizidir”.

“Ayaks”ın U-17 və U-19 komandalarının koordinatoru Edmond Klausun başlanğıc üçün seçdiyi cümlələr təqdimatın nə qədər maraqlı olacağından xəbər verirdi. Rəqəmlər və faktlar, həmçinin konkret fikirlər üzərində qurulmuş çıxışlar həmişə diqqətimi daha çox cəlb edib.

 

Hələ 5 il əvvəl U-15 komandasının oyununu izləyərkən bazada iş başında qarşıma çıxan de Bur qardaşları, Berqkamp, Overmars, Klyuvert, Davids, Musampa kimi məşhurlar “Ayaks” akademiyasının rəngarəngliyini tam göz önünə qoymuşdu.

Ötən həftənin ilk iki günündə Avropa futbolunun evi – UEFA-da “Gənclər Liqası” klublarının nümayəndələri üçün keçirilən forumda 7 təqdimat var idi. Təbii ki, hər biri yaddaqalan və maraqlı alınmışdı. UEFA Klub Lisenziyalaşdırılması Şöbəsindən Mark Lens, “Salzburq”un baş məşqçisi, iki il əvvəl eyni klubun gənclərdən ibarət komandası ilə söhbəti gedən yarışda çempion olmuş Marko Roze, Lion “Olimpik”inin akademiya direktoru Jon-Fronsua Vülye, “UEFA Gənclər Liqası”nın baş təşkilatçısı Santi Solsonanın təqdimatları cəlbedici olsa da, daha praktik olan 3 çıxış diqqəti çəkirdi. İstehlakçı və müştəri davranışı üzrə analitik Ken Hyuz əsl ingilis bacarığı ilə gələcək nəsillər başlığı altında parlaq təqdimat etdi və bütün auditoriyanı ələ almağı bacardı. Onun hakim həmyerlisi, digər adalı Hyu Dallas (UEFA Hakimlər Komitəsi sədrinin müavini) isə eyni bacarıqla oyun qaydaları haqqında seminarı maraqlı etməyi bacardı. Çempionlar Liqası və Avropa Liqası oyunlarından seçilmiş 20 mübahisəli epizodu nümayiş etdirərək iştirakçılar arasında test keçitdi.

Lakin iki günlük forumda ən çox yadda qalan təqdimat, heç şübhəsiz, “Ayaks” akademiyası haqqında oldu. Klausun “Ayaks” deyəndə kimin ağlına nə gəlir” sualına cavabı mən sonradan tapdım. Demə mənim cavabım nə Kroyf, nə Berqkamp, nə total futbol, nə 4-3-3 idi. Mənim cavabım sadəcə “futbol” idi. Həqiqətən də, “Ayaks” Hollandiyanın futbol mətbəxinin baş aşpazı kimi müasir futbolun menyusuna əvəzedilməz dadlar qatıb. Və bu gün də öz yanaşmasından əl çəkmir: “Nə olursa olsun, biz yeniliklər edən, ən başlıcası, oyunçu yetişdirən klub statusunda qalacağıq”, - deyir Klaus.

Təqdimatın ilk dəqiqələrindən belə bir yazı planlaşdırmışdım: diqqətçəkən məqamları qeyd edib, müqayisəli şəkildə yazıya çevirib sizinlə bölüşəcəkdim. Əslində ortabab stend-apların əsas mövzularından biri olan, artıq ciddi müstəvidən çıxıb şouya çevrilmiş, “xaricdə elə, bizdə belədir” yanaşmasını son zamanlar o qədər də bəyənmirəm. Amma əmin olun ki, bu yazıda ciddiyyətdən kənara çıxmaq, eləcə də özümüzü aşağılamaq fikrim yoxdur. Sadəcə, müqayisə bizdən niyə o “əjdaha”lardan – məsələn, van der Sar, ata və oğul Klayvertlər, Suares və s. – niyə çıxmır sualına daha yaxşı aydınlıq gətirə və yollar göstərə bilər. Beləliklə (“Ayaks”a aid faktlar incə dik, “Qəbələ”yə aid faktlar qalın dik, şərhlər çəpəki fontlarla verilib):

• İndiyədək akademiyada təlim görmüş yeniyetmələrin 86 faizi peşəkar futbol oynayıb (böyük rəqəmdir). Hazırda 220 futbolçu var. Məqsəd Çempionlar Liqası səviyyəsində futbolçu yetişdirməkdir. Akademiyanın büdcəsi 11,5 milyon avrodur. Bu, klubun büdcəsinin 10 faizinə bərabərdir.

• “Qəbələ”də də akademiyanın büdcəsi klub büdcəsinin təxminən 10-12 faizi təşkil edir. Amma bizim büdcəmizin “Ayaks”dan xeyli aşağı olduğunu, hər halda deməyə dəyməz. Ona görə də, “Ayaks”da Çempionlar Liqası, bizdə isə Azərbaycan millisi, maksimum Şərqi Avropa səviyyəsində oyunçular yetişir.

• “Qəbələ” Azərbaycanda ən yüksək büdcəli akademiyaya sahibdir. Digər klublarımız bu baxımdan “Qəbələ”dən xeyli geri qalırlar.

• Oyunçu seçimini skautlar, istedadlar günü, əməkdaş klublar vasitəsilə həyata keçirirlər. Akademiyanın 70 skautu (bütün dünyada), təkcə Hollandiyada 31 əməkdaş klubu var. Bu klublar yaxşı oyunçuları olduqca “Ayaks”a ötürürlər.

• Azərbaycanda daxilində 9 skautumuz var. Yalnız öz bölgələrindəki oyunları izləyirlər, heç vaxt ölkə xaricinə futbolçu izləməyə getməyiblər. “Qəbələ”nin rəsmən əməkdaşlıq etdiyi klub yoxdur. Sadəcə, bölgədəki çarəsiz məktəblərə hərdən işlənmiş top, rəngi getmiş fişka, ötən 
illərdən qalmış forma veririk. Çox sevinirlər.

• “Qəbələ” Azərbaycanda skautinq sistemi olan yeganə klub və akademiyadır. Ölkədə skautinq anlayışı məhz bizim qurduğumuz sistemlə yaranıb.

• “Ayaks”ın akademiyasının bazasında (De Tukomst, datç dilindən tərcümədə gələcək deməkdir) 20 təbii, süni, standart, kiçik, qapalı meydança var. Ancaq sayın böyük əksəriyyətini təbii meydançalar təşkil edir. Bu meydançalar daim yeniyetmə futbolçuların istifadəsindədir.

• “Qəbələ”nin akademiya komandalarından U-17 və U-19 daim təbii, U-16 və U-15 bəzən təbii meydançada məşq edirlər. Qalan komandalar daim süni meydançaya çıxırlar.

• “Qəbələ”nin stadiondan başqa, 5 təbii, 3 standart süni, 2 kiçik süni, 1 qapalı meydançası var. Belə baza Azərbaycanda heç bir klubda yoxdur. Həmçinin, Azərbaycanda “Qəbələ”dən başqa heç bir klub vahid bazaya sahib deyil. Uşaq komandaları dağınıq şəkildə məşq edir və oynayırlar.

• Klaus: “Futbolçular peşəkar mərhələyə çatanda (U-17 və daha yuxarı) valideynlərlə münasibətləri minimuma endiririk. İstəyirik ki, futbolçular özləri tərəfindən təmsil olunsunlar. Bir şəxsiyyət kimi yetişsinlər.

• Bizim akademiyadan çıxan futbolçuların, demək olar ki, heç biri klubla müqavilə haqqında danışıq masasına əyləşməyiblər. Utanırlar. Əksər vaxtlar biz deyənlə razılaşıblar, bəzən ataları danışıb onların əvəzinə, bəzən də mənə müraciət ediblər (prosedura görə, əsas komandamızın rəhbər heyətilə danışmalıdırlar). İndiyədək öz sözünü deyən 2-3 futbolçu isə “çərçivə”ni gözləməyi tam bacarmayıb.

• Akademiyada olduqları müddətdə futbolçuları seminarlar, gəzintilər, görüşlər sayəsində fərd kimi yetişdirməyə, gənc yaşından özlərini şəxsiyyət kimi hiss etmələrinə çalışmışıq. Bildiyim qədərilə digər akademiyalarda belə fəaliyyətlər yox səviyyəsindədirlər...

• “Ayaks”ın tibb departamenti məşqçi heyətilə müştərək işləyir. Futbolçular haqqında tibbi və elmi nəticələri məşqçilərə bildirirlər. GPS istifadə edirlər. Hansısa futbolçunu əsas komandaya nisbətən tez hazırlamaq lazımdırsa, bu nəticələrə söykənərək hərəkət edirlər. Akademiyanın mükəmməl videoanaliz sistemi var. Hesab edirlər ki, yeniyetmə futbolçu öz videolarını izləməklə səhvlərini daha yaxşı görür və nəticə çıxarır.

• Azərbaycanda əsas komandalar GPS sistemindən yeni-yeni istifadə etməyə başlayıblar. Universitetlərimizdə idman həkimi, fizioterapevt və s. bu kimi fakültələr, dolayısı ilə peşəkar kadrlar yoxdur. Ona görə də, bizim üçün GPS istifadəsi hələ çox tezdir. Hələ həll etməli olduğumuz saysız məişət problemlərimiz var. Ortabab videoanaliz proqramının illik lisenziya qiyməti 7000 manat civarındadır. Bizim akademiyalar bu işə pul xərcləməzlər...

• “Qəbələ” akademiyasında videoanaliz proqramının sadə versiyasını artıq bir neçə ildir, istifadə edirik. Gələcəkdə tamhüquqlu lisenziya almaq fikrimiz var. Bu cəhətdən “axsadığımızın” fərqindəyik.


• “Ayaks”da fəlsəfə və sistem eynidir: U-9-da, U-19-da, əsas komandada. Bütün məşqçilər bu sistemi yaxşı bilirlər. Akademiya məşqçilərinin əksəriyyəti “Ayaks”ın sabiq peşəkar və ya həvəskar futbolçularıdır. Klaus deyir ki, kənardan 1-2 məşqçi gələndə də axına qoşulur və hər hansı problem yaşamır.

• Azarkeşlik dövrümü də hesablasaq, Azərbaycan futbolunu izlədiyim müddət 20 ilə bərabərdir. Bu müddətdə illərlə sabit sistemi olan bir komanda görmüşəm – “Qarabağ”. Bu sistem isə yalnız əsas komandaya aid olub. Nəinki aşağı yaş qrupları, hətta əvəzedici komanda belə həmin sistemlə oynamayıb və ya oynaya bilməyib. “Qəbələ”də isə vahid sistem yalnız akademiyaya aiddir.Əsas komandamız oyunların ağırlığına, rəqibin gücünə, komandamızın həmin günə olan hazırlıq səviyyəsinə görə taktiki sxemi dəyişə bilər. Hətta oyunun gedişatında hesaba görə müxtəlif düzülüşlərdən istifadə etmək də kifayət qədər qəbulolunandır. Akademiyada isə tez-tez düşüncə və sistem dəyişmək müsbət nəticə verməz. Məhz buna görə, hazırda bizdə bütün klubun vahid sistemlə oynaması çox çətindir.

• “Qəbələ” akademiyası son 6 ildə eyni oyun fəlsəfəsi (dominantlığa) və eyni oyun sisteminə (4-3-3) sadiq qalır. Çox güman ki, Azərbaycanda vahid oyun fəlsəfəsi və sistemi olan yeganə akademiyadır. Amma təbii ki, “Ayaks” kimi ən xırda detallarda belə eyniliyi təmin etməyimiz üçün hələ çox vaxta ehtiyac var.

• “Vəzifəmiz futbolu öyrətməkdir. Amma fərdlərin sosial inkişafını da unuda bilmərik. Əgər cəmiyyət sosial inkişafı bizim kimi görmürsə, onu dəyişmək imkanımız yoxdur. Gərək özümüz addımlar ataq. Məktəbə getmək istəməyən, dərslərini yaxşı oxumayan bizim akademiyamızda ola bilməz. Futbol qrafiki məktəbə getməyə mane olursa, biz müəllimləri öz bazamıza dəvət edirik. 17 yaşını tamamlamış yeniyetmə məktəbi bitiribsə, mütləq hansısa təhsil məşğuliyyəti seçməlidir özünə. Məsələn, ispan dilini öyrənmək (Hollandiyada, demək olar, hamı ingiliscə bilir). Valideynləri də öyrədirik. Uşaqlarla necə davranmalı olduqlarını, rejim, qida rasionu və s. haqqında fikirlərimizi seminarlar vasitəsilə bildiririk”. Bu da sitat da Klausdandır.

• Hamımıza məlumdur ki, 15-19 yaş arası liqalar uzun illər həftə içi – dərs günlərində keçirilib. Hazırda yalnız 16 və 19 liqaları həftə içi keçirilir. Bu məqam şagirdlərin məktəb davamiyyətinə daim böyük zərbə olub. Həmçinin, bütün məktəblərdə təhsilin yaxşı səviyyədə olmaması, futbola əsasən aztəminatlı ailələrin övladlarının meyl etməsi, ailələrin övladlarına lazımi dəstəyi verə bilməməsi klub-ailə-məktəb üçbucağının yalnız birtərəfli qalmasına səbəb olur. Məsələn, futbolçu övladına isti geyimlər almağa, onu bizim təklif etdiyimiz şəkildə qidalandırmağa imkanı olmayan ailələr var. Bəzən də övladını məktəbə göndərdiyimiz üçün gileylənən valideynlərlə qarşılaşırıq: “Əşşi, mənim uşağım futbolçu olacaq, riyaziyyatı neynir”.

• “Qəbələ” akademiyası il ərzində bir dəfə yataqxanada yaşamayan futbolçuların valideynlərinə ümumi, bir neçə dəfə isə xüsusi ehtiyac duyulan futbolçuların valideynlərinə fərdi şəkildə qida və rejimlə bağlı seminarlar verir. Futbolçular mütləq orta məktəbə göndərilirlər, gündəliklər yoxlanılır, məktəb müəllimləri və akademiya tərbiyəçilərinin fikirləri önəmlə dinlənilir. Lakin klub-ailə-məktəb münasibətləri istənilən səviyyədə deyil, hələ çox inkişaf etməlidir.

“Ayaks” haqqında bunun 5 qatı qədər yazmaq mümkündür. Amma mən təqdimat zamanı götürdüyüm qeydləri sizinlə bölüşdüm. Bəlkə, gələcəkdə bir daha “Ayaks” – “Qəbələ”, Hollandiya - Azərbaycan müqayisəsi apardıq. Hələliksə növbədə Fransa və Almaniya nümunələri var. Amma təbii ki, bu yazını bəyənib oxuyarsızsa.

Qol.az, Nail KƏRİMOV
“Qəbələ” Futbol Akademiyasının meneceri