Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.
Offsideplus.az xəbər verir ki, dünən keçirilən görüşlər 100 və daha çox qarşılaşmaya çıxan oyunçuların cədvəlində yer alan yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun da mövqeyinə təsir edib.
Belə ki, 111 dəfə yığmamızın şərəfini qoruyan müdafiəçi artıq 245-252-ci deyil, 245-253-cü yerləri bölüşür.
Əvvəl 7 oyunçu ilə 245-ci yerə şərik olan 36 yaşlı müdafiəçiyə ispan futbolçu da qoşulub. Bu, Millətlər Liqasının Xorvatiya ilə matçında meydana çıxan və İspaniya yığmasında 111-ci oyununu keçirən Serxio Busketsdir.
O, İqor Akinfeyev (Rusiya), Carah Əl-Ətiqi (Küveyt), Hüseyn Əli Baba (Bəhreyn), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), Qodfrid Çitalu (Zambiya), Rəşad Sadıqov (Azərbaycan) və Andrey Şevçenkoya (Ukrayna) çatıb.
Qeyd edək ki, siyahıya Misir millisində 184 matç keçirən Əhməd Həssən başçılıq edir.
Matç.az