UEFA Arsen Vengerin oyundan kənar vəziyyət qaydasında dəyişikliklə bağlı irəli sürdüyü təklifə müsbət yanaşmır.

Offsideplus.az xəbər verir ki, təklifə əsasən, futbolçu yalnız sonuncu müdafiəçini tam şəkildə keçdiyi halda oyundan kənar vəziyyətdə sayılmalı idi və qərar artıq bədənin hər hansı bir hissəsinə görə verilməməliydi.

UEFA rəhbərliyi bu dəyişikliyi həddindən artıq radikal hesab edir. Qurumun fikrincə, belə bir yenilik elit səviyyədə futbolun oynanışına ciddi təsir göstərə bilər.

Xüsusilə vurğulanır ki, yeni qayda qüvvəyə minsə, müdafiəçilər xeyli geriyə çəkilməyə məcbur qalacaq, bu da oyunun dinamikasını və taktiki balansını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Qeyd edək ki, Arsen Venger bu ideyanı hücum futbolunu təşviq etmək və mübahisəli ofsayd qərarlarının sayını azaltmaq məqsədi ilə irəli sürmüşdü. Lakin UEFA hazırkı mərhələdə qaydalarda bu cür köklü dəyişikliklərə ehtiyac görmür.