Braziliya futbolunun əfsanəsi Romario iddialı açıqlaması ilə gündəmə gəlib.
Offsideplus.az xəbər verir ki, keçmiş hücumçu bildirib ki, o, bir sıra dünya ulduzlarından özünü daha üstün hesab edir.
Romarionun sözlərinə görə, Erlinq Haaland, Kilian Mbappe, Luis Suares, Rivaldo, Bebeto, Ziko və Neymar ondan zəif futbolçulardır. Braziliyalı əfsanə qeyd edib ki, bu futbolçular böyük adlar olsa da, onun səviyyəsinə çatmayıblar.
Bununla yanaşı, Romario Ronaldinyo, Ronaldo Nazario, Lionel Messi və Kriştiano Ronaldonun onunla eyni səviyyədə olduğunu bildirib.
“Məndən daha yaxşı olan cəmi iki futbolçu var — Dieqo Maradona və Pele,” — deyə Romario vurğulayıb.
Qeyd edək ki, Romario Braziliya millisinin heyətində 1994-cü ildə dünya çempionu olub və futbol tarixinin ən məhsuldar hücumçularından biri hesab edilir.



