Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev “Ağstafa Olimpiya İdman Klubu”nun tərkibində yaradılan təlim mərkəzinə baş çəkib.
Offsideplus.az xəbər verir ki, qurumun rəhbəri ilə yanaşı, Ağstafa ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, indiyə qədər Ağstafa rayonunda cüdo bölməsi olmayıb. Bu baxımdan istifadəyə verilən cüdo təlim mərkəzi rayonda bu idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə inşa olunan mərkəzin ümumi sahəsi 450 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) var və sahəsi müvafiq olaraq 320 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub.
Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Binada gözləmə otağı, soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, burada müasir isitmə və ventilyasiya sistemləri var. Mərkəzdə ay ərzində 400 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo ilə məşğul ola biləcək.
ACF-in baş katibi Rəşad Rəsullu bildirib ki, Ağstafada inşa olunan ilk cüdo təlim mərkəzinin istifadəyə verilməsi rayonda cüdonun daha da kütləviləşdirilməsinə zəmin yaradır: “Bizim əsas məqsədimiz regionda yaşayan uşaqların, yeniyetmələrin və gənclərin sağlam həyat tərzinin formalaşdırılmasına töhfə vermək və onların asudə vaxtlarının səmərəli təşkil edilməsini dəstəkləməkdir. Əminik ki, bu təlim mərkəzində kəşf edilən istedadlar gələcəkdə nüfuzlu beynəlxalq turnirlərdə ölkəmizi layiqincə təmsil edəcəklər”.
Baş katibin sözlərinə görə, ACF cüdo təlim mərkəzində fəaliyyət göstərəcək məşqçilərin peşəkar səviyyəsinin artırılması üçün də müvafiq tədbirlərin həyata keçirilməsini planlaşdırır.
Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə və Ağstafada istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala, Sabirabad və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir. Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.