Türkiyə milli komandasının üzvü Orkun Kökçü "Feyenoord"da LGBTQ-yə dəstək məqsədi ilə taxılan kapitan sarğısından imtina edib.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi dini inanclarına görə kapitan sarğısını taxmayacağını açıqlayıb.
"Göyqurşağılı kapitan sarğısını taxmamaq qərarına gəlmişəm. Bildirmək istəyirəm ki, dinindən, seçimlərindən asılı olmayaraq, hamıya hörmət edirəm. Hər kəsin istək və ya hisslərini azad şəkildə ifadə etməli olduğuna inanıram. Bu kampaniyanın vacibliyini başa düşürəm, lakin dini inanclarıma görə, bunu dəstəkləyə biləcək doğru insan deyiləm. Bu səbəbdən kapitan sarğısını taxa bilmərəm. Bəzi insanların bu qərarıma görə təəssüflənəcəyini təsəvvür edirəm. Niyyətim bu deyil. Başa düşürəm ki, o hissi bu sözlərlə dərhal aradan qaldıra bilməyəcəm. Amma ümid edirəm ki, dini səbəblərə görə seçimimə də hörmətlə yanaşılacaq".
Qeyd edək ki, Orkun Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün qardaşıdır.