Bu gün 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə pley-off oyunlarının püşkü atılacaq.
Offsideplus.az xəbər verir ki, tədbir FİFA-nın mənzil qərargahında keçiriləcək. Mərasim Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.
Pley-off oyunlarında iştirak edəcək millilər qrup mərhələsində 2-ci yeri tutan 12 komanda, həmçinin Millətlər Liqasının 4 Liqa qalibindən ibarətdir.
Hər pley-off yolu iki yarımfinal cütlüyündən təşkil olunub.
Yarımfinal cütlüklərinin qalibləri finala vəsiqə qazanacaq. Hər pley-off finalı üçün əvvəlcədən lotereya keçiriləcək və qaliblərdən hansı komandanın öz meydanında oynayacağı məlum olacaq.
Pley-offun püşkatması üçün səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İtaliya, Danimarka, Türkiyə, Ukrayna;
2-ci səbət: Polşa, Uels, Çexiya, Slovakiya;
3-cü səbət: İrlandiya, Albaniya, Bosniya və Herseqovina, Kosovo;
4-cü səbət: İsveç, Rumıniya, Şimali Makedoniya, Şimali İrlandiya.
Qeyd edək ki, yarımfinallar 26 mart 2026-cı il, final oyunları isə 31 mart 2026-cı il keçiriləcək.



