DÇ-2022-də Almaniya millisinin heyəti iki hissəyə bölünüb: "Bavariya"nın futbolçuları və digər oyunçular.
Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb. Baş məşqçi Hans Diter-Flik "Bavariya"nın oyunçularına xüsusi rəğbət göstərməkdə ittiham edilir. Bu da yığma daxilində ixtilafa səbəb olub.
Problemlər qrup mərhələsinin I turunda Yaponiya seçməsinə uduzduqları matçdan (1:2) əvvəl başlayıb. Qapıçı Manuel Noyer və yarımmüdafiəçi Leon Qoretska oyunöncəsi çəkilən fotoda kapitanlıq sarğısı ilə bağlı qərara etiraz olaraq ağızlarını örtməyin zəruri olduğunu söyləyiblər. Digər oyunçular heç bir siyasi aksiyaya qatılmaq niyyətində olmadıqlarını bildiriblər.
Bundan əlavə, İlkay Gündoğan ilk qarşılaşmada əvəzləndiyi üçün 57 yaşlı mütəxəssisə qəzəblənib. "Bild" bildirir: "Yaponiyaya qarşı oyunda bir çox oyunçu Gündoğanın Qoretska ilə əvəzlənməsi qərarını başa düşməyib. Bu, komandada kontrol və tarazlıq itkisinə gətirib çıxardı. Gündoğan qəzəblənmişdi".
Qeyd edək ki, Almaniya yığması DÇ-2022-də E qrupunu 4 xalla üçüncü sırada başa vuraraq mundialla erkən vidalaşıb.