2002-ci ildən bəri ilk dəfə futbol üzrə Seneqal millisi DÇ-2022-nin pley-offuna vəsiqə qazanıb.
"Sabah"ın seneqal əsilli futbolçusu Abdulaye Ba Offsideplus.az-a açıqlamasında həmvətənlərinin Dünya Kubokundakı performasını dəyərləndirib:
"Performansımız yaxşılaşır və oyundan-oyuna daha da inamlı oluruq. Sadio Manenin bizimlə olmayacağını bilmək kədərləndirdi. 20 il ərzində Seneqal qrup mərhələsini keçə bilməmişdi. Daha da irəli gedib, hədəfimizə çata və tarix yazacağımızı düşünürəm".
31 yaşlı müdafiəçi Seneqal yığmasının İngiltərə millisinə qarşı baş tutacaq 1/8 final oyunu barədə bu sözləri deyib: "İngiltərə böyük komandadır, adlı-sanlı oyunçuları var. Lakin futbolda hər şey baş verə bilər. Rusiyadakı feyr-pley qaydalarına görə son dünya çempionatından kənar qaldıq. İndi fərqli bir şeyə imza atmaq, finala çıxan ilk afrikalı komanda olmaq istəyirik. 2002-ci ildə Fransa ilə oyundakı kimi (red.- DÇ-2002, A qrupu: Fransa - Seneqal: 0:1) İngiltərəni məğlub etməliyik".
Qeyd edək ki, İngiltərə - Seneqal matçı dekabrın 4-də Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq.