DÇ-2022-nin H qrupu üzrə dünən baş tutan Portuqaliya - Uruqvay matçında vurulan ilk qol müzakirələrə səbəb olub.
Offsideplus.az xəbər verir ki, oyunun 54-cü dəqiqəsində Bruno Fernandeşin rəqib qapısına göndərdiyi topa Kriştiano Ronaldo da yüksəlib. Bruno da daxil olmaqla, bütün komanda 37 yaşlı hücumçunun qolunu qeyd etsə də, 6 dəqiqə sonra qol Bruno Fernandeşin adına yazılıb. Bu qərardan sonra bəzi futbolsevərlər qolu Ronaldonun vurduğunu, digərləri isə müəllifin Fernandeş olduğunu deyib və müzakirələrə yol açılıb.
Dubla imza atan Fernandeş oyundan sonra bu sözləri deyib: "Ronaldo topa toxundu, yoxsa toxunmadı, bilmirəm. Qolu kimin vurduğu o qədər də önəmli deyil. Əsas olan komandamız və oyunu udmağımızdır. Məqsədim Ronaldoya ötürmə etmək idi. Mənə elə gəldi ki, topa toxundu və həmin an qol Kriştianonun imiş kimi sevindim. Qol kimin olursa olsun, fərq etmir".
Qeyd edək ki, Uruqvay millisinə 2:0 hesabı ilə qalib gələn Portuqaliya yığması qrupdan çıxıb.