Rusiyanın evsahibliyi etdiyi dünya çempionatında artıq iki həftə geridə qalıb.
Əsas mübarizə hələ qarşıdadı. Startda bəlkə də kimlərsə “kartlarını açmaq” istəmir, gücünü tam göstərmirdi. Sürprizləri də buna bağlamaq olar. Hər halda, favoritlər tədricən önə çıxır. 1/8 finala adlayan komandalar arasında hələ ki sürpriz ad yoxdu...
Kim bilir, dünya çempionatında nəvaxtsa iştirak etmək bizə qismət olacaqmı? Yaxın gələcək üçün bu arzu ilə bağlı iynə ucu boyda işıq belə görünmür. Futbolçularımız hələ ki bu yarışa kənardan baxmaqla kifayətlənir. Onlardan bir neçəsi ilə danışıb, mundialla bağlı təəssüratını öyrənməyə çalışdıq.
Nicat Qurbanov: “İlk turlarda qeyri-adi, sürpriz nəticələr qeydə alınsa da, tədricən hər şey axarına düşür. Əslində gözlənilməz nəticələr 3-cü turu maraqlı etdi. Çünki bəzi ortabab komandaların qrupdan çıxmaq şansı qalıb, favoritlər həyəcanlanıb. Elə götürək azarkeşi olduğum Argentinanı. Messi və komanda yoldaşları ilk iki turda bizi sevindirə bilməmişdi. Növbəti mərhələyə çətinliklə adlaya bildilər. Niyə Braziliya, Almaniya, Argentina kimi favoritlər çətin qələbə qazanır? DÇ elə turnirdi ki, burda istəkdən çox şey asılıdı. Müəyyən məqamda təcrübə və səviyyə həlledici olsa da, bəzi komandalar istəyin hesabına sürpriz edə bildi. İran, Seneqal, Mərakeş kimi komandalar sırf istəyin, motivasiyanın sayəsində rəqiblərinə başağrı olmağı bacardı. Favoritlər bu üzdən əziyyət çəkdi.
Bu dünya çempionatında ən çox bəyəndiyim, gözəl oyunla yanaşı, nəticə də qazanan komanda Belçikadı. Belçikalılar baxımlı futbol sərgiləyir. Təəssüf ki, Mərakeş kimi gözəl futbol oynayan komanda qrupdan çıxmadı.
VAR sistemi ilə bağlı nə deyə bilərəm? Düşünürəm ki, çox faydalı sistemdi. Arzulayardım ki, milli çempionatlara da bu sistem tətbiq olunsun. Düzdü, hakimin mübahisəli vəziyyətlərdə verdiyi qərarın təsdiqi üçün fasilələr yaranır, amma bilirsən ki, sonda ədalət bərpa olunacaq. Bir var 4 və ya 6 hakim adi gözlə diqqət yetirsin, bir də var ki, onlarla kamera izləsin. Müasir futbolda sürət o qədər artıb ki, adi gözlə baxıb qərar verərkən yanlışlıq olur. Futbolçu yorulanda səhvləri artdığı kimi, fiziki güc sərf edən hakimin də qüsurlara yol verməsi normaldı. Belədə VAR sistemi köməyə gəlir”.
Slavik Alxasov: “Rusiyada keçirilən mundial barədə ancaq xoş sözlər demək olar. Qonşularımız turnirə yaxşı hazırlaşıb, təşkilatçılıq yüksək səviyyədədi. Oyunlara gəlincə, düzdü, bəziləri deyir çempionat əvvəlki illərlə müqayisədə sönük və darıxdırıcı keçir. Ancaq mən razı deyiləm bu fikirlə. Əksinə, maraqlı mübarizə gedir. İran, Mərakeş kimi sürpriz komandalar var idi. Baxmayaraq ki, Avropa və Amerika futbolu yenə önə çıxır. Mən bu çempionatda Belçikaya azarkeşlik edirəm. İstəyirəm bu komanda mundialı qazansın. Bunun üçün potensialı da var. Ən güclü yarımmüdafiə xətti belçikalılarındı.
O ki qaldı Almaniyanın, Braziliyanın, İspaniyanın, Argentinanın inamsız görünməsinə, indiki futbolda artıq favorit qalmayıb. Kim güclüdü, kim düzgün taktikayla oynayırsa, o da oyunu aparır. Məsələn, İran Portuqaliya ilə başabaş, hətta üstün oynadı. Sonuncu epizodu qola çevirsəydilər, lider kimi çıxacaqdılar qrupdan. Halbuki o qrupda dünya nəhəngləri İspaniya və Portuqaliya var idi.
VAR sistemi hakimlərin işinə ox yarayır. Ədalət təmsilçilərinin görmədiyi epizodları o dəqiqləşdirir. Düzdü, bu sistemin tətbiqi oyunun tempini öldürür. Amma hər şey ədalətli olur, kiminsə haqqı yeyilmir”.
Kərim Diniyev: “Şəxsən mənim üçün çempionat maraqlı keçir. Mübarizə də var, İngiltərə, Belçika, Rusiya kimi total hücum edən, Fransa, Danimarka kimi praqmatik komandalar da. Hətta Braziliya özü də etibarlı müdafiəsiylə seçilir. Artiq bütün komandalar futbol oynamağı bacarır deyə, favoritlər asanlıqla qalib gəlmir. Deyərdim mübarizə yüksək səviyyədədi. Əvvəlki dünya çempionatlarından, sadəcə, bununla fərqlənir.
Bu çempionatda azarkeşi olduğum komanda yoxdu. Təəssüf ki, İtaliyanı nəzərdə tuturam. Mübarizə hələ yeni qızışır. İlk iki turda bəzi komandalar ehtiyatlı oynayırdısa, qrupdan çıxmaq təhlükəsi olanlar bütün gücünü qoyur. Məsələn, Argentina son turda toparlanıb 1/8 finala adlamağı bacardı. Mən bu yarışda iki-üç komandanı favorit kimi görürəm. Xorvatiya, Braziliya və İspaniyanın şanslarını daha yüksək qiymətləndirirəm. Xüsusilə də xorvatların. Çünki həm müdafiədə, həm də hücumda sistemli oynayırlar, komanda futbolu sərgiləyirlər. Ustalıq və mübarizlik vəhdət təşkil edir bu komandada.
Rusiyadakı yarış VAR sisteminin tətbiq olunduğu ilk çempionat kimi tarixdə qalacaq. Yaxşı olardı ki, proqramın tətbiqi ilə bağlı hakimlər danışsın, qiymət versinlər. Mənim münasibətim birmənalı deyil. Düzdü, heç kimin haqqı yeyilmir, qərarlar ədalətli olur. Amma futbolu başqa idman növlərindən fərqləndirən də elə hakim səhvləridi. Yenə deyirəm, yaxşı şeydi VAR sistemi. Bununla belə, futbolun həyəcanını öldürür, oyunun tempini aşaği salır. Qol anının həyəcanını nə futbolçu, nə də azarkeş düz-əməlli yaşaya bilir. Əvvəl top qapıdan keçirdi, hamı hakimə baxırdı, o da ani əl işarəsi ilə mərkəzi göstərirdi, hər kəs sevinirdi. Amma indi hamı hakimə baxır, o da qulaqcığa qulaq asır. Bəzən bu da yetmir, özü gedir epizoda baxmağa, hamı da durub gözləyir ki, nə qərar veriləcək. Bu müddətdə də emosiya soyuyur, qolun dadı-duzu qalmır”. ("Futbol plus" qəzeti)