Almaniya millisinin baş məşqçisi Yoahim Löv DÇ-2018-in Meksikaya qarşı oyunundakı məğlubiyyətlərini (0:1) şərh edib. 

Offsideplus.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında o, məğlubiyyətdən məyus olduğunu gizlətməyib: “Bu, bizə xas olan vəziyyət deyil.  Demək olar, bundan əvvəlki bütün turnirlərdə ilk oyunda qalib gəlmişdik. Bu oyundan dərs almalıyıq. Sonrası yaxşı olacaq”.

 Löv etiraf edib ki, komandası birinci hissədə yaxşı oynamayıb: “Biz açıq zonalarda pis oynadıq. Çox top itirdik. Ona görə də rəqibdən daha çox qaçmalıydıq. İkinci hissədə Meksika geniş müdafiə olundu. Bizim daha çox qol imkanız oldu. Tez-tez tələsik qərarlar verdik”.

Löv Meksikanın son 2-3 ildə sistemli oyun nümayiş etdirdiyini, əks-hücumlara yaxşı çıxdığını da bildirib.

“Almaniyanın rəqibini lazımınca qiymətləndirməməsi fikri ilə razısınız” – sualına Lövün cavabı belə olub:
  
“Matçı analiz etməliyik. Biz bilirdik ki, oyunumuzda sabitlik lazımdır. Amma ilk dəqiqədən futbolçular əsəbiləşirdi. Biz özümüzün özümüzdən tələb etdiyimiz səviyyədə deyildik”.

“Nə üçün adətən, dünya çempionları qrupdan çıxa bilmirlər?” Bu suala isə almanların baş məşqçisi belə cavab verib: “Bilmirəm, digərlərində niyə bu cür olub. Amma biz qrupda qalmayacağıq”.(qol.az)