Bu günün maraqla gözlənilən oyunlarından biri saat 17:00-da start götürəcək.
Söhbət Argentina-İslandiya matçından gedir. Ölüm qrupunun ilk matçı olduqca sərt və maraqlı mübarizə vəd edir.
Argentina millisi görünən odur ki, Messinin hesabına sosial mediada, canlı yayımlarda, müzakirələrdə ən çox danışılan komanda olacaq. 2014-də Braziliyada keçirilən Dünya Çempionatında finalda məğlub olan Argentinaya elə münasibət göstərilir ki, sanki Messi karyerasını bitirdikdən sonra Argentina millisi qitəmiqyaslı yarışlardan uzaq qalacaq. Burada bir atalar sözü yada düşür: Xoruz yox idi, səhər açılmırdı? Düzdür, bu faktla hər kəs razıdır ki, Dünya futbolunun Pele, Maradona səviyyəsinə qalxmaq üçün Dünya Kubokunun sahibi olmaq şərt olsa da, Messinin şan-şöhrəti illərlə qalacaq və hər zaman müqayisə obyekti olacaq.
Komanda isə çox ciddi hazırlaşaraq bu Dünya Çempionatına gəlib. Heyət açıqlanan zaman İkardi krizisi yaransa da, Çempionat boyu komanda bunu çox güman ki, hiss etməyəcək. Çünki həm müdafiə, həm də hücum futbolunu yüksək səviyyədə oynayan bir komanda var. Məşqçi Xorke Sampaolinin də kənardakı enerjisi də, müsbət mənada təsir edəcək. 29.6 yaş ortalaması ilə turnirin ən yaşlı millilərindən olan Argentinanın heyətində ən yaşlı oyunçu isə qapıçı Kabayyerodur. Əsasən oyunçuların fərdi oyunu hesabına qurulan hücumlar, həmin oyunçuların fərdi ustalığı ilə məntiqi sonluqla başa çatır. Oyunun əsas “aktyor”larından olan Lanzininin zədələnməsi böyük itki olsa da, Dibalanın heyətə düşmək şansını artırdı. Higuain, Messi, Aquero, Dibala, Di Maria, Baneqa başçılığı ilə qurulan hücumların əksəriyyəti qol və ya qol epizodu ilə yekunlaşır. Çox az yoldaşlıq matçı oynayan Argentina millisinin İspaniyadan 6 qol buraxması çox tənqidlərə məruz qaldı. Lakin bu hal belə Argentinanı favoritlər arasından çıxara bilməz. Ən son 2002 Dünya Çempionatında 2 Avropa, 1 Afrika təmsilçisi ilə bir qrupa düşən Argentina, Batistuta, Veron, Krespolu heyəti ilə qrupda qalmışdı. 16 il sonra yenə eyni hadisə və bu dəfə daha çətin rəqiblər. Argentinanın bu sınaqdan necə çıxacağı onların çempionluq şansına təsir edəcək.
Gələk 2016 Avropa Çempionatının “vulkan” kimi partlayan komandası İslandiyaya. 2002-ci ildən Norveç uşaq futbolu modeli ilə İslandiyada qurulan futbol sisteminin ilk meyvələri 2016-cı ildə yığıldı. Taktiki anlamda dünyanın sayılıb, seçilən komandaları arasında yer alan islandlar, komanda şəklində çox kompakt, sərt və səbrli oynayan komandanın əks hücumlarda hərəkət etdikləri bölgələr, müdafiə zamani tutulan mövqelər və s., bunların hamısı dərslik epizodlardır. Ulduz oyunçusu olmayan İslandiya, 4-4-2 taktiki sxemini əzbərləmiş bir komandadır. Son 4 yoldaşlıq matçında 3 məğlubiyyət, 1 heç-heçə etmiş İslandiya yığması müdafiədə son zamanlar çox fərdi səhvlər edir. Bu səhvlərin ölüm qrupunda bağışlanmayacağını oyunçular və baş məşqçi Heimir Halqrimson da yaxşı bilir. Lakin üzərlərində heç bir təzyiqin olmaması, İslandiyanın ən böyük silahıdır. İslandiyanın itirəcəyi heç nəyi olmadığı halda, qazanacağı çox şey var. Bu Argentinaya çox problemler yarada bilər. Argentinanın oyunçularının qısaboylu olması standart zərbələrdə İslandiya üçün üstünlük gətirsə də, oyunun gedişatında böyük problemler yarada bilər. Siqurdson, Halfredson, Byarnason, Gudmundsonun müdafiədə və hücumda oynayacaqları oyun matçın taleyini həll edəcək. Çox standart zərbə qazana bilsələr, ortaya sürpriz nəticə də çıxa bilər.
Amma hər nə qədər statistikalar maraqlı oyunun gedəcəyini söyləsə də, Argentina əksər komponentlərdə İslandiyadan üstündür. Böyük ehtimalla Argentina bu oyunda qalib gələcəyi gözlənilir. Lakin İslandiyanın hər hansı nəticəsi sürpriz sayılmamalıdır.
Rüstəm RÜSTƏMLİ