Dünya çempionatı nəhayət start götürdü.
Üstəlik bol qollu bir oyunla. Ev sahibi Rusiyanın Səudiyyə Ərəbistanı ilə görüşdə 5-0 hesablı qələbəsi açılış oyunu üçün əla bir hesab oldu.
Bu gün isə DÇ-də çox maraqlı bir oyun bizləri gözləyir. Mərakeş və İran komandaları arasında keçiriləcək oyunu çoxları maraqsız oyun kimi görsə də, hər iki komandanın heyətindəki oyunçular və sərgilədikləri oyun bizə çox şeydən xəbər verir.
Əvvəlcə başlayaq nominal ev sahibi Mərakeş komadasından. 4-1-4-1 taktiki sxemindən istifadə edən Mərakeş millisi heç də bəxt sayəsində bu turnirə vəsiqə qazanmayıb. Son 15 matçında 10 qələbə, 2 bərabərlik, 3 məğlubiyyət alan Mərakeş komandası qol problemi yaşamayan millilərdəndir. Hücum xəttində yetəri qədər texnikalı və qol duyumu yüksək səviyyədə olan oyunçuları var. Milli karyerasında 10 matça çıxan hücumçu Ayoub El Kaabi 11 qolla bütün diqqətləri üzərinə çəkib. Orta sahədə tək dayaq yarımmüdafiəçi ilə meydana çıxan Mərakeşlilərin orta 5-lisi fərqli özəllikləri olan oyunçulardan qurulub. Hər kəsin Anderlextdə tanıdığı Bousouffa mərkəzdə, Galatasayın 10 nömrəsi Belhanda ilə birlikdə forma geyinir.
Cinahlarda isə Ajax-dan Hakim Ziyech və bu Çempionatda ulduzunu parlada biləcək 20 yaşlı Amine Harit-in oynamasl gözlənilir. Müdafiə xətti də yetəri qədər usta oyunçulardan qurulub. Təkcə Medhi Benatianın adını çəkmək bəs edər. Sol cinahda Real Madridin gənc və özünü sübut etməyə çalışan oyunçusu Ashraf Hakimi forma geyinir. 49 yaşlı fransız mütəxəssis Herve Renard rəhbərliyində olan komandadan sürpriz nəticələr gözləməyə dəyər. Baxmayaraq ki, qrupun digər 2 komandası turnirin favoritləri olan Portuqaliya və İspaniyadır, onlar meydanda öz mübarizələri və baxımlı oyunları ilə bu Dünya Çempionatına rəng qata biləcək komandalardandırlar.
İran komandası isə bu turnirin ``qapalı qutu`` yığmalarından biridir. Təcrübəli portuqaliyalı mütəxəssis Carlos Queiroz rəhbərliyi altında Asiya qitəsinin seçmə mərhələsindən məğlubiyyətsiz şəkildə Dünya Çempionatına qatılan İran millisi sərt oyunu ilə seçilir. Bu oyun üslubu Mərakeş millisinin oyun stilinə əks bir oyun stilidir. Müdafiəsi lazımi qədər etibarlı olan İran millisi 2015-2017-ci illər aralığında oynadığı 18 rəsmi matçda sadəcə 5 qol qapısında görüb. 4-2-3-1 taktiki sxemindən istifadə edən İran millisinin kompakt bir oyun sərgilədiyi statistikalardan açıq-aydın görsənir.
Fərdi oyunçuları ön plana çıxarmaq istədikdə ulduz futbolçu olmadığını görürük, lakin aralarında bir neçə oyunçu komandanın liderləri kimi seçilirlər. Qapını Persepolis komandasının 25 yaşlı qapıçısı Alireza Beiranvand qoruyur. Millidə qol buraxmağa öyrəşməyən Alirezanın Mərakeş hücumu qarşısında performansı komandası üçün çox vacib olacaq. 4-lü müdafiənin mərkəzi Roozbeh Cheshmi və Morteza Pouraliganji ikilisindən qurulub. 2 dayaq yarımmüdafiəçisindən istifadə edən Queiroz bu mövqedə təcrübəli oyunçulara üstünlük verir. 34 yaşlı kapitan Masoud Shojaei və 28 yaşlı Ehsan Hajsafi mərakeş hücumlarını mərkəzdə ilk qarşılayan oyunçular olacaq. Hücum xəttində daha çox fərdi oyuna üstünlük verən İran millisinin hücumçularının yaranan epizodları qola çevirmə faizləri yüksək səviyyədədir. Təxmini olaraq yaranan hər 10 qol epizodunun 6-sı qolla nəticələnir.
Bütün bu məlumatlar bizə sabahkı oyunda Mərakeş hücumlarını dəf edərək, yaranan epizodları qola çevirməyə çalışan bir İran millisinin və İranın sərt müdafiəsini texnikalı və baxımlı oyunla yarmağa çalışan bir Mərakeş millisinin oyununu izləyəcəyimizi göstərir. Bir maraqli detal da odur ki, İslam derbisinin hakimi də Türkiyəli FİFA referisi Cüneyt Çakır olacaq. Standart vəziyyətlərin önəmli rol oynayacağı oyuna baxmağı hər kəsə tövsiyyə edirik.
Rüstəm RÜSTƏMLİ