Millimizi DÇ-2022-nin seçmə mərhələsində çətin oyunların gözlədiyi sirr deyil.

Xüsusən qrupun favoriti qismində göstərilən Portuqaliya və Serbiya ilə matçlarda bizimkilərin işi çətin olacaq.

Offsideplus.az xəbər verir ki, ölkəmizdə top qovan serbiyalı futbolçu Filip İvanoviç Azərbaycanla Serbiyanın eyni qrupda yer alacağını bilirmiş. Bunu "Sabah"ın müdafiəçisi saytımıza açıqlamasında dilə gətirdi: "İnanın, Serbiya ilə Azərbaycan yığmalarının eyni qrupda yer alacaqlarını hiss etmişdim. Bilmirəm niyə, amma içimdə belə bir hiss vardı. Mənə görə favorit Portuqaliyadır, bunu gizlətməyin mənası yoxdur. Rəqiblərlə müqayisədə səviyyə fərqi özünü göstərir. Serbiya, çox güman, ikincilik uğrunda mübarizə aparacaq. Çünki bu gün üçün real görünən budur. Əvvəlki turnirlərdə lazımsız xallar itirdiyimiz anlar olub. Yəqin əvvəlki dönəmlərdən nəticə çıxararlar".

Filipdən yığmamızın şanslarını dəyərləndirməsini istəyib, Serbiya-Azərbaycan duellərində kimə azarkeşlik edəcəyini soruşduq: "Fikrimcə, Azərbaycanın qrupda öz rolu olacaq - rəqiblərə rahat nəfəs almaq imkanı verməmək. Məncə, sürpriz nəticələr əldə olunacaq. O ki qaldı kimə azarkeşlik edəcəyimə, Serbiya millisinin bütün oyunlarında öz ölkəmin komandasını dəstəkləyəcəm. Ümid edirəm ki, Azərbaycan daha çox xal toplamaqla həm öz reytinqini yaxşılaşdıracaq, həm də Serbiyanın irəli getməsinə kömək edəcək".