FIFA prezidenti Canni İnfantino DÇ-2026-nın İspaniya və Argentina yığmaları arasında keçiriləcək final oyunu barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, ali futbol qurumunun rəhbəri həlledici matçın böyük maraqla gözlənildiyini vurğulayıb:

"Bu final futbol tanrılarının bir lütfüdür, xeyir-duasıdır. Meydanda Messi, Lamin Yamal və bir çox digər görkəmli oyunçular olacaq. Bu, inanılmazdır. Finala iki ən güclü komanda vəsiqə qazanıb. Onlar bura qədər gəlməyi tam haqq etdilər və müstəsna dərəcədə yaxşı oyun nümayiş etdirdilər. 48 komandanın iştirak etdiyi, inanılmaz matçların yaşandığı bu cür çətin dünya çempionatında finala yüksəlmək asan deyildi. Final atəşfəşanlığa bənzəyəcək. Dünya bir anlıq dayanacaq və 3 milyard insan bu dünya çempionatının necə bitəcəyini izləyəcək".

Qeyd edək ki, İspaniya - Argentina final matçı iyulun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.