İsveçrə millisinin baş məşqçisi Murat Yakın DÇ-nin 1/4 finalında Argentinaya 1:3 hesabı ilə uduzduqları oyundan sonra Bril Embolonun qırmızı vərəqə almasına səbəb olan qaydanı "qəbuledilməz" adlandırıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində Embolo simulyasiyaya görə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hakim ilkin olaraq Argentina yarımmüdafiəçisi Leandro Paredesə vərəqə göstərsə də, uzun sürən VAR araşdırmasından sonra Embolonun qaydanı pozduğunu müəyyən edib və qərarını dəyişib.
Murat Yakın bu qərara sərt reaksiya verib:
"Sarı vərəqə üçün heç bir əsas yox idi, adi epizod idi. Futbolla heç bir əlaqəsi olmayan bir qaydaya görə cəzalandırıldıq. VAR-ın lazımsız müdaxiləsi bugünkü oyunumuzu məhv etdi. Bu cür uduzmaq çox ağrılıdır, amma mənim futbolçularım əsl qəhrəmandırlar".
Komandanın yarımmüdafiəçisi Remo Froyler də qərardan narazılığını bildirərək, FIFA-nı bu qərarı izah etməyə çağırıb.
10 nəfərlə qalan İsveçrə 112-ci dəqiqəyə qədər müqavimət göstərsə də, Xulian Alvares və Lautaro Martinesin əlavə vaxtda vurduqları qollar Argentinaya qələbə qazandırıb. Bununla da İsveçrənin 1954-cü ildən bəri ilk dəfə yüksəldiyi 1/4 final mərhələsindəki tarixi uğuru başa çatıb.


