Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti DÇ-2026-nın 1/16 finalında Yaponiyaya qarşı keçirilən oyunu (2:1) şərh edib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis çətin keçən matç barədə bunları söyləyib:

"Bunun barəsində dünya çempionatından əvvəl də danışmışdıq. Futbolda səhvlər olur, onlardan qaçmaq qeyri-mümkündür. Heç kim mükəmməl deyil. Biz sadəcə bu səhvlərə necə reaksiya verdiyimiz üzərində işləyə bilərik, hansı ki, hazırda bunu edirik. Əsas məsələ irəliyə doğru hərəkət etməkdir və biz ikinci hissədə bunu bacardıq. Heç kim bu komandanın qol vurmayacağını düşünmürdü. İkinci yarıda vəziyyəti çətinləşdirə biləcək sürətli keçidlərin qarşısını almaq üçün oyunumuzu yaxşılaşdırdıq. Çətinlik çəkmək normaldır, futbolda yeni heç nə yoxdur. Rahatlıq hiss etmək də normaldır. Hər zaman yadda saxlamağa çalışıram ki, məğlubiyyətdən sonra mətbuat konfransında burada oturmaq daha çətin olur.

Düşünürəm ki, bu, hələ ki bizim ən mükəmməl oyunumuz idi. İlk hissədə qol epizodları yaratmaqda çətinlik çəkdik, Yaponiya sıx müdafiə olunurdu. İkinci hissədə isə cərimə meydançasına cinah ötürmələri etməklə və orada daha çox oynamaqla fərqli həll yolları axtardıq. Məncə, inkişaf göz qabağında idi. Bu gün problemimiz var idisə, onlardan çıxış yollarını tapmağa çalışdıq.

İlk olaraq mərkəzdə dörd nəfərlə üstünlük qazanmaq istəyirdik, xətlərarası oyun axtarır və topu hücumçulara ötürürdük. Lakin rəqib öz yarı meydançasında çox kompakt oynadığı üçün bu plan işə yaramadı. Fasilədə ötürmələrin sayını artıra bilmək üçün dəyişikliklər etdik. İndi künc zərbələri üzərində işləməli, strukturumuzu təkmilləşdirməliyik.

Martinellinin qolundan əvvəl sakit idim, çünki komanda yaxşı oynayırdı. Qol buraxdıqdan sonra isə bəzi çətinliklərimiz oldu, çünki rəqib güclü idi. Onlar yaxşı səviyyəli, çox təşkilatlanmış və təhlükəli komandadır, oyunçuları fiziki cəhətdən qüvvətlidir. Amma komandamız yaxşı çıxış etdi. Mərakeşlə matçın ilk hissəsindəki kimi özümüzü itirmiş görünmürdük" - deyə italiyalı mütəxəssis bildirib.