Uruqvay milli komandasının baş məşqçisi Marselo Bielsa iyul ayından sonra postunda qalmaya biləcəyinə işarə vuraraq, komandadakı fəaliyyətinin dünya çempionatı ilə başa çatacağını bildirib.
Offsideplus.az xəbər verir ki, Uruqvay Futbol Assosiasiyasının təşkil etdiyi tədbirdə çıxış edən Bielsa, "Bizim işimiz Dünya Kuboku ilə yekunlaşır", – deyə qeyd edib.
Təcrübəli mütəxəssis bu fikirlərini geniş şəkildə şərh etməsə də, yerli mətbuat argentinalı baş məşqçinin 11 iyun – 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək turnirin sonunda müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılacağını yazır.
Bielsa dünya çempionatında iştirak etməyin önəmini bu sözlərlə ifadə edib:
"Mundialda iştirak etmək hər bir peşəkarın idman karyerasında bir möcüzədir. Mənə dünya çempionatı kimi bir turnirin həyəcanını yaşamaq imkanı verdiyi üçün Uruqvaya hər zaman minnətdar olacağam".


