İtaliya futbolunun əfsanəvi qapıçısı Cənluici Buffon "Göy qvardiya"nın (Squadra Azzurra) ardıcıl üçüncü dəfə Dünya Çempionatından kənarda qalma riskini şərh edərkən həm texniki heyəti, həm də yeni nəsil futbolçuları kəskin tənqid atəşinə tutub.
Offsideplus.az xəbər verir ki, Buffonun sözlərinə görə, uğursuzluğun təməlində problemin kökünü səhv yerdə axtarmaq dayanır. Əfsanəvi qolkiper, komandanın rəhbərliyindəki bəzi şəxslərin yanaşmasını bu cür tənqid edib:
"Baş məşqçinin 'Dünya Çempionatında iştirak üçün Afrikadan daha az komanda olmalıdır' dediyi an bütün ümidimi itirdim. İsveçrə, Şimali Makedoniya və indi də Bosniya... İtaliyanın Dünya Çempionatına gedəcək keyfiyyətə sahib olmaması ağlasığmazdır."
İtaliya futbolundakı liderlik boşluğuna toxunan Buffon müasir futbolçuların davranışlarını uğursuzluğun əsas səbəblərindən biri kimi göstərib. O, 2000-ci illərin ruhu ilə indiki vəziyyəti müqayisə edərək deyib:
"Oyunçular avtobusa qulaqlıqla minir, heç kim bir-biri ilə danışmır."
"Futbolçular daim 'TikTok'da vaxt keçirirlər. Bu nəsildə ciddi bir xarakter əskikliyi var. 2000-ci illərin İtaliyası ilə müqayisə etdikdə, meydanda liderlik deyə bir şey qalmayıb."
Karyerası ərzində "Parma", "Yuventus" və "Paris Sen-Jermen" kimi klubların şərəfini qorumuş Buffonun bu sözləri ölkədə böyük rezonans doğurub. Futbol mütəxəssisləri qeyd edirlər ki, əfsanəvi qapıçının vurğuladığı "liderlik çatışmazlığı" İtaliyanın həlledici oyunlarda psixoloji cəhətdən sınmasına səbəb olur.
Dünya futbolunun nəhənglərindən sayılan İtaliyanın turnirdən kənarda qalması təkcə taktiki yox, həm də dərin bir mənəvi böhranın göstəricisi kimi qiymətləndirilir.


