Bu ildən Azərbaycanda ilk dəfə çövkən üzrə ölkə çempionatı keçirilməyə başlayıb.
Milli komandanın və "Elit" klubunun kapitanı Elçin Camallı Offsideplus.az-a açıqlamasında çempionatın keçirilməsinin çövkənin inkişafına fayda verəcəyini dedi:
"Hazırda "Elit" çövkən komandasının kapitanıyam. Bu ildən peşəkar şəkildə ölkə çempionatı keçirilir. İlk oyunumuzda qələbə qazanmışıq. Əminəm ki, çempionatın keçirilməsi gələcəkdə bu idman növümünün Azərbaycanda daha da inkişaf etməsinə səbəb olacaq".
Bir neçə həftə əvvəl ölkəmizdə çövkən üzrə dünya çempionatı keçirildi. İlk rəsmi mundialda Azərbaycan qalıb oldu. Yığmamızın kapitanı turnirin çətin keçdiyini bildirdi:
"10 yığma komanda qalib adı uğrunda mübarizə aparırdı. Onları atlarla biz təmin edirdik. 2 qrupda mübarizə gedirdi. Güclü rəqiblər var idi. Finalda isə Mərakeşlə üz-üzə gəldik. Çətin oyun oldu, amma 2:0 hesabı ilə qələbə qazandıq və tarixə adımızı ilk dünya çempionlar kimi yazdırdıq. Beynəlxalq Çövkən Federasiyası yaradıldıqdan sonra ilk rəsmi çempionat idi".