"Rəqabətləri çempionatın keçdiyini deyə bilmərəm".

Bu sözləri Offsideplus.az-a açıqlamasında AFFA-nın məşqçi tədris şöbəsinin müdiri  Aslan Kərimov deyib.

O, başa çatan mövsümü belə dəyərləndirib:

"Mövsümün əvvəlində hər kəsə məlum idi ki, "Qarabağ" ölkə çempionu olacaq."Neftçi"nin ikinci yeri tutacağı gözlənilirdi. "Sabah"ın avrokuboklardakı çıxışını gözləyirdim, amma alınmadı. Baş məşqçi postduna Murad Musayevi gətirdilər və qışdan sonra heyətlərini 4 legionerlə gücləndirdilər, lakin sezonun əvvəlində itirilən xal komandaya sonda çətinlik yaratdı. "Sumqayıt"ın yuxarı yerlərdə olacağını düşünürdüm, bu komanda da məni yanıltdı. Uğursuzluğa görə baş məşqçi Ayxan Abbasovu göndərib, Aleksey Baqanı gətirdilər, lakin belaruslu çalışdırıcı "gənclik şəhəri" təmsilçisində sadəcə 1 qələbə qazandı. Bəlkə ona şans vermək lazımdır. Mənim üçün digər sürpriz komanda "Qəbələ" oldu. Onlar bu sezon çox yaxşı performans göstərdilər". "Zirə" də mövsümün əvvəlində hazırlıqlara yaxşı başlamışdı və nəticəsini də gördülər. Hər kəsin layiq olduğu yeri tutduğunu demək olar".

Kərimov "Qarabağ"ın Çempionlar Liqasındakı şanslarını haqda da danışıb:

"Sözsüz ki, "Qarabağ"ın builki hədəfi də Çempionlar Liqasının qrupudur. Amma heyətlərini gücləndirməyləri vacibdir. Məsələn, Şahruddin Məhəmmədəliyev performansı yaxşıdır, amma yeni qapıçıya ehtiyac var. Mərkəz müdafiəçisi transferi komandaya lazımdır. Düzdür, Bədavi Hüseynov zədəsini sağaldıb, amma onun hansı formada olacağı məni düşündürür. Amma Ağdam təmsilçisi ilk mərhələləri asanlıqla keçə biləcək".

Sabiq futbolçu Konfrans Liqasında çıxış edəcək komandalarımız barədə də fikir bildirib:

"Samir Abasov "Neftçi"ni Konfrans Liqasında irəli apara bilər. Sadəcə, 1-2 yaxşı transferə ehtiyac var. "Zirə"nin heyətində Avropa təcrübəsi olmayan futbolçular olması komandaya çətinlik yarada bilər. "Qəbələ"yə gəldikdə isə heyətlərində yaxşı leginerlər var, amma onların da ehtiyat qüvvəsi kəsaddır. Bu kimi problemlər komandaya çətinlik yarada bilər. Lakin ümumi götürəndə hər üç klubumuzun mərhələ keçəcəyinə inanıram. İnşallah, yeni mövsümdən Azərbaycan klublarını da qrupda görərik".

CAVİD ƏLİYEV