"Maraqlı oyun alındı. "Zirə" ilk hissədə təşkilatlanmış oyun göstərdi. Hətta bizdən daha yaxşı hazırlıqli idi".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu gün "Zirə" üzərində yoldaşlıq görüşündə qazanılmış 4:0 hesablı qələbədən sonra deyib.

Təcrübəli mütəxəssis narazı qaldığı məqamları açıqlayıb: "İkinci hissədə daha yaxşı mübarizə apardıq. Bununla belə, səhvlərimiz var. Bu da gözlənilən idi. Çünki indiki dövrdə futbolçulardan daha dəqiq oyun tələb etmək bir o qədər də düzgün deyil. Qarşıdakı günlərdə üzərində çalışmalı olduğumuz epizodlar var. Fiziki baxımdan hələ ki o səviyyədə deyilik. Əfsuslar olsun ki, futbolçularımın fiziki hazırlığı fərqlidir. Milli komanda üzvlərinin istirahət üçün vaxtları çox olmadığına görə fiziki durumları yaxşı deyil. Digərləri isə məşqlərdə verdiyimiz "yükləmə"ləri daha rahat qəbul edirlər".

"Qarabağ"ın çalışdırıcısı tezliklə komandanın heyətinin gücləndiriləcəyini də bildirib: "Həmişə olduğu kimi, danışıqlar gedir. Transfer məsələləri ilə ciddi məşğuluq. Ola bilsin, qarşıdakı günlərdə, 10 gün, 1 ay ərzində bir neçə futbolçunun keçidini həll etməyə çalışacağıq".