"Liverpul" klubu transfer pəncərəsində böyük bir sürprizə imza ataraq, "Osasuna"nın cinah müdafiəçisi Viktor Munyosun keçidini bitirməyə çox yaxındır.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi oyunçunun müqaviləsində yer alan 40 milyon avroluq sərbəstqalma maddəsini aktivləşdirib.

​Bu transferdən əsas qazanan tərəflərdən biri də "Real Madrid" olacaq. İspaniya nəhəngi oyunçunu "Osasuna"ya satarkən müqaviləyə qoydurduğu 50%-lik satış payı bəndi sayəsində bu transferdən düz 20 milyon avro gəlir əldə edəcək.

​Qeyd olunur ki, 22 yaşlı futbolçu ilə "Nyukasl Yunayted" klubu da yaxından maraqlanırdı və tərəflər arasında danışıqlar son mərhələyə çatmışdı. Lakin "Liverpul" rəhbərliyi son anda prosesə müdaxilə edərək transferi öz xeyrinə həll etməyi bacarıb.

​Şəxsi şərtləri artıq razılaşdırılan gənc istedadın yaxın günlərdə tibbi müayinədən keçərək rəsmi müqaviləyə imza atacağı gözlənilir.