AFFA Yüksək Qızlar Liqasında 2024/2025-ci illər mövsümünə yekun vurulub.
Offsideplus.az xəbər verir ki, çempionatın son oyununda qızıl medalları qabaqcadan təmin edən “Neftçi” “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edib.
Bu, "ağ-qaralar"ın sayca 15-ci qələbəsi olub. Bütün rəqiblərini üstələyən Siyasət Əsgərovun yetirmələri topların fərqində də fantastik nəticə göstəriblər: 96-1
Məğlubiyyətə görə "Sumqayıt" ikinci yeri tutmaq şansını itirib.
Matçdan sonra "Neftçi" Futbol Mərkəzində mükafatlandırma mərasimi keçirilib. “Dirçəliş” (Zaqatala) və “Sumqayıt” müvafiq olaraq gümüş və bürünc medallarla, “Neftçi” isə qızıl medal və kubokla təltif olunub.
Həmçinin fərdi mükafatçılar da müəyyənləşib.
“Neftçi”nin futbolçusu Coşqunə Əliyeva 31 qolla mövsümün ən məhsuldar oyunçusu olub.
Paytaxt klubunun digər üzvü Ayşən Salamzadə mövsümün ən yaxşı oyunçusu, “Dirçəliş”dən Aytac Feyzullayeva isə ən yaxşı qapıçısı seçilib.
Mükafatlandırma mərasimində AFFA-nın Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova, 19 yaşadək qadınlardan ibarət yığmanın baş məşqçisi Həbib Ağayev, 17 yaşadək qadınlardan ibarət milli komandasnın baş məşqçisi Nərgiz Qurbanova və “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer iştirak ediblər.
Qeyd edək ki, AFFA Yüksək Qızlar Liqasında 6 klub 3 dövrəli sistem üzrə mübarizə aparırdılar. "Neftçi", "Dirçəliş" və "Sumqayıt"dan savayı, çempionatda "Araz-Naxçıvan", "Baku Juniors" və "Qəbələ" yarışırdı.