Azərbaycan futzal yığmasının üzvü Tofiq Mikayılovun Offsideplus.az saytına müsahibəsi
- Avropa çempionatının seçmə mərhələsini Xorvatiyaya qarşı 1:4 hesablı məğlubiyyətlə başa vurduq. Öncə görüş barədə fikirlərinizi bilmək istərdik?
- Oyuna yaxşı hazırlaşmışdıq. Əlimizdən gələni əsirgəmədik. Xorvatiya Avropada ən yaxşı komandalardan biridir. Həm fiziki cəhətdən, həm də fərdi keyfiyyətlərinə görə fərqlənirlər. Biz aprelin 11-də İsveç komandası ilə görüşdüyümüzə görə səfərdən yorğun qayıtmışdıq. Buna baxmayaraq, xorvatlarla oyunda sonadək mübaizə apardıq. Hamı bilir ki, bizim yığmamız yenidən formalaşdırılır. Heyətin təxminən 70 faizi cavanlardır. Onlar hələlik Avropa səviyyəsində futzal oynaya bilmirlər. Gələcəkdə yaxşı komandamızın olacağına inanıram.
- Hazırda milli komandamızda ən böyük çatışmazlıq nədir?
- Milli çempionatda və Avropa miqyaslı yarışlarda oynamaq arasında böyük fərq var. Beynəlxalq turnirlərdə çıxış etmək çox çətindir. Biz azərbaycanlılar hələ yığmamızın braziliyalı baş məşqçisi Joze Alesio da Silvanın dövründən Avropada az oynamışıq. Milli komandada 2-3 azərbaycanlı forma geyinirdik, qalanları braziliyalılar idilər. İndiki cavanlar hələ təzə başlayıblar. Baş məşqçi Vitali Borisovu da qınamaq olmaz. Onun əlində olan material budur Biz bir il ərzində yaxşı kollektiv kimi formalaşmışıq. Sadəcə, cavanlara daha çox şans vermək lazımdır. Gələcəkdə uğurlu nəticələrimiz olacaq.
- Vitali Borisovla əvvəllər milli komandada birgə çıxış etmisiniz, ölkə çempionatlarında tez-tez rəqib olmusunuz. Artıq o, özünü yeni vəzifədə sınayır. Onun baş məşqçi kimi oyun fəlsəfəsi barədə nə deyə bilərsiniz?
- Vitali Borisovdan məşqçi kimi razıyam. Onun məşqçilik bacarığına şübhə ola bilməz. Təkrar edirəm, əlindəki materail budur, yeni yaranan komandadır. Bir neçə qarşılaşmada qalib gəldiyimiz halda axırıncı dəqiqələrdə məğlub olmuşuq. Bu da futzalçıların təcrübəsizliyindən irəli gəlir.
- 38 yaşınız var. Karyeranızı davam etdirəcəksinizmi, yoxsa milli komandada çıxışınızı dayandırmağı düşünürsünüz?
- Bəli, 38 yaşım var. Şükür Allaha, özümü yaxşı hiss edirəm. Uşaqlar mənə zarafatla deyirlər ki, cavan görünürsən. Özünüz də görürsünüz ki, meydançada bütün bacarığımı ortaya qoyuram. Yığmada karyeramı davam etdirmək üçün gücüm var.
- Siz təcrübəli, səmimi insansınız. Ona görə növbəti sualımıza doğru-düzgün cavab verəcəyinizə inanırıq. Yığmadan qalmaqalla kənarlaşdırılan Rövşən Hüseynli barədə soruşmaq istəyirik. Əslində, milli komandanın düşərgəsində nə baş vermişdi?
- Bu, başadüşülən haldır. O baxımdan ki, Rövşən Qazaxıstanda legioner həyatı yaşayır, ailəsindən uzaqdır. Bakıya gələndə əsəbi idi, yol yorğunluğu, stress var idi. O, evə gedib, ailəsi ilə daha çox vaxt keçirmək istəyirdi. Baş məşqçi hansısa futzalçının vacib işi olanda adətən icazə verir. Lakin həmin vaxt anlaşılmazlıq oldu. Rövşən milli komandanın düşərgəsindən yola salınsa da, daha sonra məsələ yoluna qoyuldu.
- Kapitanın birdən-birə yığmadan uzaqlaşdırılması digər oyunçulara necə təsir göstərdi?
- Əlbəttə, pis. Yanımızda olsaydı, daha yaxşı olardı. Çünki o, liderlik keyfiyyətlərinə malik futzalçıdır. Hesab edirəm ki, bu, lazımsız söhbət idi. Yaxşı ki, baş məşqçi və futzalçı arasında məsələ müzakirə olundu, komanda ilə anlaşılmazlıq həllini tapdı.
- Rövşən bu qalmaqaldan sonra şəxsən sizinlə və ya komandadan kiminləsə danışıbmı, üzrxahlıq edibmi?
- Bəli, o, axırıncı iki məşqimizi izləyib. Hətta Xorvatiya ilə oyundan əvvəl yığmanın düşərgəsinə gəldi, uşaqlarla görüşdü, onlara uğular arzuladı. Hamı, o cümlədən baş məşqçi ilə normal görüşdü. Onun Xorvatiya ilə oyunda heyətdə olmaması isə baş məşçinin qərarı idi.