Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş dövlət qurumları arasındakı IV minifutbol turniri başa çatıb.

Offsideplus.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkil etdiyi yarışın həlledici qarşılaşması Bakı Tennis Akademiyasında baş tutub.

Finalda "Azərişıq" komandasını 5:0 hesabı ilə darmadağın edən SOCAR turnirin qalibi olaraq ilk dəfə çempionluq kubokunu başı üzərinə qaldırıb.

Turnirdə "Azərişıq" ikinci, Ədliyyə Nazirliyi isə üçüncü yerlə kifayətlənib. Həmçinin SOCAR-ın oyunçusu Elnur Hüseynov yarışın "Ən yaxşı oyunçusu" seçilib.

Çempionluq yolunda SOCAR yalnız Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə heç-heçə (1:1) oynayıb, digər bütün rəqiblərini, o cümlədən dörddəbir finalda FHN-i (2:0), yarımfinalda isə Baş Prokurorluğu (2:0) məğlub edərək titula sahib çıxıb.