Ana dilli intellektual hərəkatın yaranmasının 25 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” oyunu üzrə “VII Ağıl Oyunları Festivalı” layihəsinin seçim turları uğurla yekunlaşıb.
Layihənin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların intellektual inkişafının dəstəklənməsi, yeni nəsil bilikli və çevik düşüncəli gənclərin yetişdirilməsi, eləcə də intellektual oyunlar hərəkatının ölkə miqyasında daha da genişləndirilməsidir.
Seçim mərhələsində ümumilikdə 40-dan artıq komanda iştirak edərək final uğrunda mübarizə aparıb. Gərgin və maraqlı intellekt mübarizəsi nəticəsində ən yüksək nəticə göstərən 16 komanda 15 fevral 2026-cı il tarixində Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb. Bundan əlavə, daha 4 komanda “wild card” (xüsusi dəvət) əsasında final turunda iştirak etmək imkanı əldə edəcək.
Festivalın final mərhələsində qaliblər kubok, medal, diplom və digər dəyərli hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, “VII Ağıl Oyunları Festivalı” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu və Xəzər İntellektual Gənclər Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilir.










