Sabah İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) 47-ci Baş Assambleyası işinə başlayacaq.
Offsideplus.az xəbər verir ki, iki gün davam edən toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Anar Bağırovdan ibarət nümayəndə heyəti təmsil edir.
Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, AOK-un prezidenti Janez Koçijançiç, baş katib Rafael Paqnozzi, Milli Olimpiya Komitələrinin Assosiyasiyasının baş katibi Qunilla Lindberq iştirak edəcək. Assambleyada AOK-un illik hesabatı müzakirə olunacaq.
2020-ci il Tokioda keçiriləcək Yay Olimpiya Oyunları və 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının Təşkilat Komitələrinin hesabat çıxışları gündəlikdə olan məsələlər sırasındadır. 2024-ci il Paris Yay Olimpiya Oyunları və 2028-ci il Los-Anceles Olimpiya Oyunlarının məruzələri dinləniləcək.
Həmçinin AOK-un Baş Assambleyası çərçivəsində “VIII Pyotr Nurovski - Ən yaxşı avropalı gənc idmançı” mükafatı təqdim olunacaq.
Əlavə olaraq, Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalının təqdimatı olacaq. Təqdimat Bakı 2019 Yeniyetmələrin Avropa Olimpiya Festivalının Təşkilat Komitəsinin üzvləri Nigar Əfəndiyeva və Tərlan Məmmədov tərəfindən ediləcək.
Avropa Olimpiya Komitəsinin 48-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da məhz tədbirdə açıqlanacaq.
Qeyd edək ki, bu gün Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası keçirilir. İclasda Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü və Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edir.