Bu gün Milli Olimpiya Komitəsində (MOK) Argentinanın paytaxtı Buenos-Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmiş Azərbaycan Olimpiya Komandasının medalçılarının mükafatlandırılma mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, qurumun baş katibi Ağacan Abıyev, MOK-un baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər şəxslər iştirak edib.
Mərasimi giriş sözü ilə açan Ç.Hüseynzadə atletləri nailiyyətləri münasibətilə təbrik etib. O bildirib ki, idmançılar bu Oyunlarda da uğurlu nəticələrlə - 6 idman növündə qazanılan 3 qızıl, 1 gümüş və 3 bürünc medalla Azərbaycana dönüblər. A.Rəhimov çıxışında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının da iştirakçılar sırasında yer almasını sevindirici hal kimi qiymətləndirib. Nazirin sözlərinə görə, 17 idmançıdan 7-nin medal qazanması yerli atletlərin potensialını bir daha sübut edib.
Daha sonra “Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı” və “Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi Prezidentinin Sərəncamı”na əsasən idmançılar mükafatlandırılıb.
İdmançı və məşqçilər çıxış edərək, MOK-la Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər. Sonda idmançı və rəsmilər xatirə fotosu çəkdiriblər.
Qeyd edək ki, Argentinaya yollanan 17 Azərbaycan idmançısından 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) qızıl, ağırlıqqaldıran Tarmerxan Babayev (85 kq) gümüş, taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və qadın güləşçi Şahanə Nəzərova (43 kq) bürünc medala sahib olub. Bədii gimnast Yelizaveta Luzan isə Beynəlxalq Olimpiya Komitəsinin qarışıq komandasının tərkibində qızıl medal qazanıb. Onun medalı ümumi sıralamada öz ölkəsinin adından göstərilməyib.
Yekunda Azərbaycan komandası medal əyarına görə, 208 ölkə arasında 34-ci, medal sayında isə 38-ci yeri tutub. (report)