Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun rəsmi açılış mərasimi keçirilib.
Offsideplus.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil edilən tədbirdə əvvəlcə iştirakçı ölkələr təqdim olunub, dövlət bayraqları zala gətirilib.
Giriş nitqi söyləyən Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fatimə Şəfizadə Bakının 9-cu dəfə bu yarışa ev sahibliyi etdiyini bildirib. O, paytaxtımıza 39 ölkənin gimnastlarının gəldiyini vurğulayaraq bütün idmançılara uğurlar arzulayıb.
Daha sonra Dünya Kuboku açıq elan olunub, dövlət himnimiz səsləndirilib və tədbir bədii hissə ilə davam etdirilib.
Dünya Kubokunun iştirakçıları aprelin 20-dək davam edəcək mötəbər yarışda ayrı-ayrı alətlər və çoxnövçülük üzrə öz bacarıqlarını nümayiş etdirəcəklər.
Azərbaycanı fərdi proqramda Kamilla Seyidzadə ilə Zöhrə Cəfərova, eləcə də qrup hərəkətləri komandası təmsil edir.
Yarışda ən çox icra xalını toplamış gimnast və qrup komandasına “AGF Trophy” kuboku veriləcək.