Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) start götürüb.
Offsideplus.az xəbər verir ki, 15 yaşlı və 15 yaşdan yuxarı idmançıların iştirak etdiyi yarışda 18 qadın və 28 kişi cütü mübarizə aparır.
Çempionatın reqlamentinə uyğun olaraq 13 qadın və 20 kişi komandası təsnifat mərhələsində iştirak edib. 8 kişi, 11 qadın cütü rəqiblərinə qalib gələrək əsas mərhələyə vəsiqə qazanıb.
Reytinqi yüksək olan 8 kişi və 5 qadın komandası isə birbaşa əsas mərhələdə mübarizəyə başlayıb. Bu etapda 16 qadın və 16 kişi cütü iştirak edib.
Yarış olimpiya sistemi ilə keçirilir. Çempionatın ilk günü 16 oyun baş tutub.
Qeyd edək ki, Su İdmanı Sarayında təşkil olunan yarışa iyunun 27-də yekun vurulacaq.