İyunun 17-də Almaniyanın paytaxtı Berlində 190 ölkədən 7000 Xüsusi Olimpiyaçının iştirakı ilə 26 idman növü üzrə Ümumdünya Xüsusi Yay Olimpiya Oyunları başlayacaq.
Offsideplus.az xəbər verir ki, Azərbaycan gimnastika tarixində ilk dəfə olaraq Oyunlarda ölkəni bədii gimnast Mehriban Tağıyeva təmsil edəcək.
İdmançı ayrı-ayrı alətlər (top, halqa, gürzlər, lent) və çoxnövçülük proqramında bacarığını nümayiş etdirəcək.
İyunun 10-da Milli Gimnastika Arenasında Tağıyevanın yarışqabağı yoxlama məşqi keçirilib. Media nümayəndələri üçün açıq olan məşqdə gimnast yarış proqramını nümayiş etdirib.
Yarışa iyunun 25-də yekun vurulacaq.
Xatırladaq ki, Azərbaycanda 2017-ci ildən etibarən gimnastika üzrə Xüsusi olimpiya proqramı tədris olunur. Ötən ilin oktyabr ayında Azərbaycan Gimnastika Federasiyası tərəfindən ölkəyə dəvət olunmuş yunanıstanlı mütəxəssis Sofiya Bura Xüsusi Olimpiya üzrə məşqçilik və hakimlik kursları keçib.