Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri başa çatıb.
Offsideplus.az xəbər verir ki, yarışın son günündə Azərbaycan millisi daha bir medal qazanıb.
Yığmanın heyətində Həmidreza Bədriəliabadi (+87 kq) fəxri kürsüyə yüksəlib. Yarımfinalda italiyalı Mattia Molinə 1:2 hesabı ilə məğlub olan təmsilçimiz bürünc medala sahib olub.
Beləliklə, yarışa 4 taekvondoçu ilə yollanan komandamız 3 mükafata yiyələnib. Bədriəliabadidən öncə Səyyad Dadaşov (54 kq) həm qızıl medal, həm lisenziya, Xanoğlan Kərimov (63 kq) isə bürünc medal qazanıb.
Bu göstərici Azərbaycan millisini komanda hesabında 2-ci edib.
Qeyd edək ki, ölkəmiz Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarında 8 taekvondoçu ilə təmsil olunacaq. Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları iyunun 23-26-da keçiriləcək.